AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan “IE Business School”un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş “Global Senior Management” proqramı başa çatıb.
Denizxeber.az bildirir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davila çıxışlarında insan kapitalının inkişafının təşkilatların dayanıqlı inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar liderlik bacarıqlarının artırılmasının, müasir idarəetmə yanaşmalarının tətbiqinin və dəyişən biznes mühitində davamlı öyrənmənin mühüm rol oynadığını qeyd ediblər.
Tədbir çərçivəsində AZCON Holding əməkdaşlarının bakalavriat və magistratura proqramları üzrə güzəştlərdən yararlanmasını nəzərdə tutan memorandum imzalanıb. Eyni zamanda orta səviyyəli rəhbərlər üçün yeni liderlik proqramına start verilib.
Tədbirin yekununda “Global Senior Management” proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu strateji tərəfdaşlıq AZCON Holding-in insan kapitalının inkişafı üzrə prioritetlərinin reallaşdırılmasına, beynəlxalq qabaqcıl təcrübənin tətbiqinə və rəhbər heyətin idarəetmə potensialının gücləndirilməsinə töhfə verəcək.










