AK rəhbəri və Ukrayna Prezidenti Qara dənizdə təhlükəsizliyi və Əbu-Dabi danışıqlarını müzakirə ediblər

8

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Qara dənizdə təhlükəsizlik məsələlərini, eləcə də Əbu-Dabidə keçiriləcək ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşünü müzakirə edib.

Denizxeber.az bildirir ki, bu barədə AK-nın mətbuat xidmətinin məlumatında deyilir.

Qara dənizdəki vəziyyət kontekstində Lyayen Rumıniya və Bolqarıstana səfərlərinin başladığını, Avropanın ticarət gəmilərinə hücumlara qarşı cavab tədbirlərini gücləndirməsi yollarını müzakirə etmək üçün bu ölkələrin liderləri ilə görüşəcəyini bildirib.

“Səfər ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə konstruktiv telefon danışığım oldu. Qara dənizdə gəmiçilik azadlığı bərpa edilməli və qorunmalıdır. Mən onun ərzaq və enerji infrastrukturu obyektlərini əhatə edən atəşkəs çağırışına bir daha dəstəyimi ifadə etdim”, – o qeyd edib.

AK rəhbəri həmçinin qeyd edib ki, Zelenski ilə cari sülh səylərini və noyabrın 10-11-də Əbu-Dabidə baş tutacaq danışıqları müzakirə ediblər.

“Mən bu həftə sonunda Dublində Prezident Zelenski ilə görüşməyi və digər liderlərlə sülh istiqamətində növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – AK prezidenti əlavə edib.