Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

8

Yunanıstanın Krit adasının cənub sahillərindəki qayıqda 12 qanunsuz miqrantın meyiti aşkarlanıb.

Denizxeber.az bildirir ki, bu barədə Yunanıstan mediası Sahil Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Meyitlər Mərakeş bayrağı altında üzən konteyner gəmisinin miqrantların olduğu qayığı görməsi, səlahiyyətlilərə məlumat verməsindən sonra Kali-Limenes kəndindən təxminən 15 dəniz mili cənub-şərqdə aşkarlanıb.

Sahil Mühafizəsi 18 nəfəri xilas edərək ölən 12 nəfərin meyiti ilə birlikdə Agiya-Qalini limanına çatdırıb.

Qeyd olunur ki, miqrantların ölüm şəraiti hələlik məlum deyil. Bu insidentlər Avropaya getməyə çalışan miqrantlar üçün əsas marşruta çevrilən Krit adasına Şimali Afrikadan axının artması fonunda baş verib.

Bundan başqa, adanın cənubunda keçirilən üç ayrı əməliyyat zamanı ümumilikdə 105 nəfər xilas edilib.