Yaponiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) atom sualtı qayıqları ilə təchiz edilməsi məsələsinin müzakirəsi istisna edilmir.
Denizxeber.az bildirir ki, bu barədə ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) təhlükəsizlik məsələləri üzrə şurasının katibi Keytaro Ono Yaponiya ictimai televiziyasının efirində bildirib.
Ono vurğulayıb ki, LDP-də o mövqedən çıxış edirlər ki, ölkənin təhlükəsizlik sahəsindəki əsas sənədlərində dəyişikliklər müzakirə olunarkən Yaponiyanın atom sualtı qayıqlarına malik olması imkanı barədə diskussiya istisna edilmir.
“Əvvəldən bu mövzunun müzakirə edilməsi imkanı məsələsi istisna olunmurdu”, – o izah edib. Eyni zamanda, Ono etiraf edib ki, atom sualtı qayıqlarının tətbiqi zamanı istismar, texnologiyalar və təhlükəsizliklə bağlı bir çox problemlər yaranır.
“Yapon xalqının anlaması çətin olacaq məqamlar da var”, – o əlavə edib və bu məsələnin hərtərəfli nəzərdən keçiriləcəyinə söz verib.





