Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) maarifləndirmə tədbiri keçirilib.
Denizxeber.az bildirir ki, akademiyanın tələbələri ilə görüş zamanı insanda immun çatışmazlığı virusunun (İİV) erkən aşkar edilməsi, əhalinin, xüsusən gənclərin İİV/QİÇS haqqında məlumatlılığının artırılması, eləcə də sağlam və təhlükəsiz həyat tərzinin təbliği kimi məsələlər diqqət mərkəzində olub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim və mütəxəssisləri tələbələrə xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müasir müayinə və müalicə üsulları barədə ətraflı təlim keçib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, tədbir çərçivəsində könüllü olaraq İİV müayinələri aparılıb, iştirakçılara maarifləndirici broşürlər, bukletlər paylanılıb.








