“Vortexa” şirkətinin məlumatlarına görə, gəmilərə qarşı hücumların artmasına baxmayaraq, bu ay Hörmüz boğazında tanker hərəkətinin intensivliyi yüksəlib.
Denizxeber.az bildirir ki, xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşıyan gəmilərin sayının noyabrın 19-dək olan dövrdə 7 günlük hərəkətli orta göstəricisi 26-dan yuxarı olub. Oktyabr ayında isə günlərin ən azı üçdə ikisində boğazdan keçən gəmilərin sayı 25-dən az təşkil edib.
“Vortexa”nın məlumatları, həmçinin boğazdan keçən çox böyük tonnajlı xam neft tankerlərinin və “Suezmax” tipli tankerlərin sayında cüzi azalma, daha kiçik gəmilərin sayında isə artım olduğunu göstərir.
Son həftələrdə Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının nəqli ilə bağlı təhlükələr artıb. İran tankerlərə qarşı bir sıra hücumlar həyata keçirib, eyni zamanda boğazdan keçməməli olduğunu bildirdiyi gəmilərin dairəsini yedək gəmilərini də əhatə edəcək şəkildə genişləndirib.
Bununla yanaşı, Hörmüz boğazından neft daşınmasının dəyəri və əlavə sığorta haqları müharibə dövrünün ən yüksək səviyyələrinə yaxınlaşıb. Bu vəziyyət gəmi sahiblərinin boğazdan keçid zamanı üzləşdikləri risklərin artdığını göstərir.
Bununla belə, açıqlanan rəqəmlərin Hörmüz boğazından keçən bütün gəmiləri əhatə etməyə biləcəyi bildirilir. “Vortexa” qeyd edir ki, siqnal müdaxilələri, saxta siqnalların ötürülməsi və gizli keçidlər məlumatların real vaxt rejimində izlənilməsinə təsir göstərə bilər. Daha dolğun məlumat əldə edildikcə göstəricilərə yenidən baxılması mümkündür.





