Bakı Limanı və Azad Ticarət Zonası bütün region ölkələrinə xidmət edəcək

790

Bakı Limanı və onun ətrafında qurulan Azad Ticarət Zonası “Made in Azerbaijan” brendi altında çeşidli istehsalın yaradılmasına zəmin yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Türkiyənin “TRT World” kanalının Azərbaycanın neftdən asılılığını azaltmaq siyasətində Bakı Limanının roluna həsr olunan reportajında deyib.

O bildirib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün ən önəmli layihələrindən biri Ələt qəsəbəsində tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azad Ticarət Zonası layihəsidir. Bu layihədən Avropa ölkələri, Türkiyə, Rusiya, Çin və başqaları yararlana biləcək. Bakı həm logistik, həm də ticarət üçün bir hab rolunu oynayacaq.

T.Ziyadov qeyd edib ki, bu il birinci fazası yekunlaşan Bakı Limanı və Azad Ticarət Zonası bütün region ölkələrinə xidmət edəcək. Artıq neft erası bitir və Azərbaycan yeni eraya – uzunmüddətli strateji və güclü əhəmiyyəti olan layihələrdən ibarət bir eraya başlayır.