Liviya sularında saxlanan azərbaycanlılar taleyin ümidinə buraxılıb – onların azadlığı üçün nə etməli?

1377

Məlum olduğu kimi, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsus “Captain Khayyam” gəmisi ötən ilin fevralından Liviya sularında saxlanılır. Gəminin 3 azərbaycanlı, 1 türk və 4 ukraynalı heyət üzvü olub. Saxlanılan gəminin kapitanı Elmixan Bağırovdur.

Heyət üzvlərindən 41 yaşlı Əliağa Babayevin əmisi oğlu Əli Babayev QAZİLER.AZ-ın redaksiyasına şikayətə gəlib. O, bildirib ki, heyət üzvləri Liviyanın Tripoli şəhərindəki təcridxanada çox pis şəraitdə saxlanılırlar. Onların saxlanma şəraiti haqda təsəvvürü bu il mart ayında Liviyada saxlanılan heyət üzvlərindən 48 yaşlı Elşad Hüseynovun vəfatı yaradıb. Elşad Hüseynovun ürək çatışmazlığından öldüyü bildirilsə də, Əli Babayev vəfat edən dənizçinin meyitinin gözlə müayinəsi zamanı onun güclü aclıq keçirməsindən irəli gələrək dəhşətli şəkildə arıqladığını bildirdi.
Maraqlıdır ki, ötən il fevralın 21-dən etibarən onlardan heç bir məlumat alınmayıb. Əli Babayev qeyd edir ki, həbsdə saxlanılan gəminin heyət üzvlərinin məhkəməsi 8 dəfə təxirə salınıb. “Biz istəyirik ki, əgər onların hər hansı bir günahı varsa, onlara ya həbs cəzası verilsin və Azərbaycan dövləti öz vətəndaşlarının Azərbaycanda cəza çəkməsi üçün onları Liviyadan gətirsin, ya da heç bir günahları yoxdursa, sərbəst buraxılsınlar. 15 aydır ki, onlardan heç bir xəbərimiz yoxdur”.

Ə.Babayevin sözlərinə görə, gəmi Liviyadan dizel yanacağı götürüb aparmalı imiş. Amma Liviya hökuməti gəmini saxlayıb. Heyət üzvləri qaçaqmalçılıq ittihamı ilə Liviyada həbs olunublar. Əli Babayevin sözlərinə görə, qohumları ilə ötən il dekabrda Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə telefon əlaqəsi saxlayıblar: “Biz dekabr ayında Liviyanın Azərbaycandakı səfiri ilə də görüşdük. Lakin səfir bildirdi ki, Liviyada dövlət idarəçiliyi ilə bağlı vəziyyət yaxşı deyil. Gəminin məxsus olduğu Türkiyə şirkətindən Murad adlı əməkdaşla da daim əlaqədəyik. Şirkət bildirir ki, Liviya hökuməti gəmi üzvlərinin qaytarılmasının qarşılığında pul istəyir. Lakin şirkət pul verildikdən sonra onların qaytarılmayacağından ehtiyatlanır. Bu səbəbdən qəbz və ya bank hesabı tələb edirlər”.

QAZİLER.AZ olaraq onu da qeyd edək ki, məsələ mətbuatın diqqətindədir. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələ ilə bağlı hələ ötən il APA-ya açıqlamasında bildirib ki, “Captan Xayyam” gəmisi Liviya ərazisində saxlanılıb: “Gəmi Syerra-Leone bayrağı altında hərəkət edib, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsusdur. Saxlanılan Azərbaycan vətəndaşlarından biri ürək çatışmazlığında vəfat edib. Dərhal Xarici İşlər Nazirliyi Liviya hökuməti ilə təmasa girib. Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi olmadığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Qısa müddətdə Türkiyənin köməkliyi ilə vəkil tapılıb. Ailə üzvləri ora gedə bilmədiyi üçün Ədliyyə Nazirliyinin dəstəyi ilə vəkilə etibarnamə verilib. Vəkil XİN-də qeydiyyatdan keçirilib. Nəticə etibarı ilə müvafiq hüquqi sənədlər əsasında cənazənin Türkiyə ərazisinə gətirilməsi təmin olunub. Oradan isə Azərbaycanın İstanbuldakı baş konsulluğu “AzAL”-la birlikdə cənazənin Azərbaycana göndərilməsini təmin edib”.

H. Hacıyev bildirib ki “Captan Xayyam” gəmisinin digər azərbaycanlı ekipaj üzvləri istintaq altındadır, onların işi üzrə məhkəmənin aprelin 11-də keçiriləcəyi gözlənilir: “Onlar Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaqda ittiham olunurlar. Azərbaycan tərəfi yenə də Liviya tərəfi ilə əlaqə saxlayır, vətəndaşlarımıza konsulluq yardımının göstərilməsi üçün işlər davam etdirilir”.

XİN rəsmisi daha 3 azərbaycanlının saxlandığı Türkiyə şirkəti “Gebze Denizçilik” şirkətinə məxsus “Kalkanlar 1” gəmisi barədə də danışaraq bildirib ki, bu gəmi də bir müddətdir ki, Liviya ərazisindədir: “Kalkanlar 1” gəmisinin heyət üzvləri olan daha 3 azərbaycanlı saxlanılıb. Onlar isə işləmək üçün Türkiyəyə gedən kapitan Namiq Salamov, matros Fərid Əliyev və motorçu Möhlüd Rəşidbəylidir. Bundan əvvəl həmin şəxslər Liviyada terrorçuların nəzarətində olan ərazidə idilər. Azad edildikdən sonra vətəndaşlarımız dövlət orqanlarının nəzarətində olan əraziyə gətiriblər. Bu, qismən təhlükəsiz ərazidir. Hazırda onlar barəsində də istintaq işləri davam etdirilir”.

Fərid Əliyevin qardaşı Zaur Əliyev APA-ya bildirib ki, qardaşı ilə yalnız ötən ilin oktyabrında əlaqə saxlaya biliblər: “Özü zəng edib. Dedi ki, azərbaycanlılar bir qrup şəxslə birlikdə Liviyada müxalif silahlı birləşmə olan “Dövləti İslamiyyə” tərəfindən əsir götürülüb. Sonra Misurata şəhərinin ordusu həmin şəxsləri azad edəndə azərbaycanlılar da onlarla birlikdə azad olunub. Hazırda onlar Misurata həbsxanasında saxlanılır. Hər dəfə 5-10 gün sonra buraxılacaqları deyilsə də, məsələ aylarla uzadılır. Onlar orada pis şəraitdə saxlanılırlar. Biz və saxlanılan digər azərbaycanlıların ailələri çox narahatıq. Artıq onlardan birinin meyiti (Elşad Hüseynov-red.) gətirilib. Biz yaxınlarımızın da bu aqibəti yaşayacağından qorxuruq. Əgər ölənin meyiti gətirilirsə, deməli sağ qalanlar da gətirilə bilər”.

Onların ailə üzvləri ilə XİN-in Konsulluq İdarəsində dəfələrlə görüşlər keçirilib, ailələri onlarla telefon vasitəsi ilə əlaqə saxlaya biliblər. Məsələ ilə əlaqədar Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub, bu xüsusda müzakirələr aparılıb. Türkiyənin Liviyadakı diplomatik konsulluğu da bu məsələdə Azərbaycana konsulluq yardımı göstərir. Vətəndaşlarımıza lazımi konsulluq dəstəyinin göstərilməsi istiqamətində işlər davam etdirilir və onlar ailə üzvləri ilə mütəmadi təmasdadırlar”.

H.Hacıyev bildirib ki, bir müddət əvvəl Liviyanın sahil sularında içərisində azərbaycanlıların da olduğu “Anna” gəmisi qəzaya uğrayıb: “Bu gəminin göyərtəsində 2 Azərbaycan vətəndaşı olub. Həmin gəmi Çin şirkətinin yardımı ilə sahilə çıxarılıb. Onun göyərtəsindəki şəxslərin təhlükəsizliyi təmin olunub. Azərbaycan tərəfinin xahişi ilə Türkiyənin diplomatik nümayəndəliyi Azərbaycan vətəndaşları ilə görüşüb. Onların sənədləri qaydasında olub və tez zamanda onların Azərbaycana qaytarılması təmin olunub”.