Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını ala biləcək gəmilər olacaq

1060

 Xəzər dənizinin Azərbaycan sularında yanğın əleyhinə, yanğın hadisələrinin qarşısını alaraq təhlükəsizliyi təmin edən xüsusi və ən müasir gəmilərin istismarı nəzərdə tutulub.

Bunu “Report”a açıqlamasında Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov bildirib.

“Biz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) ilə əməkdaşlıq edirik və gələcək üçün birgə planlarımız var. Bu gəmilər Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını alıb, söndürə və insanları xilas edə bilər. Belə gəmilər Xəzər üçün çox önəmli su nəqliyyat vasitələridir”, – deyə G.Yeqorov qeyd edib.

Onun sözlərinə görə, AXDG həmçinin tankerlər, kran-montaj gəmiləri, təchizat gəmiləri də almağı planlaşdırır: “Bu planlar eskiz şəklində mövcuddur və Gəmçiliyin dəniz parkının genişlənməsi dövlət maliyyəsi hesabına həyata keçirilir”.

Xatırladaq ki, hazırda Bakı Gəmiqayırma Zavodunda odessalı mütəxəssislərin də iştirakı ilə 132 mln. manat dəyərində iki unikal gəmi-bərə tikilir.