SOCAR Xəzərdə yeni neft quyusunu istismara verib

1044

Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 27 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 761-678 metr intervaldan sutkalıq 17 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.