Şimali Kiprdə “Filo Jet” sürətli bərəsinin batması nəticəsində 27 nəfərin həlak olması ilə bağlı istintaq çərçivəsində doqquz nəfərə qarşı irəli sürülən ittihamlar ağırlaşdırılıb. Türkiyə mediasının məlumatına görə, onlar əvvəllər ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham olunduqları halda, indi qəsdən adam öldürməkdə təqsirləndirilirlər.
Denizxeber.az bildirir ki, avqustun 30-da Girne limanından yola düşən katamaran tipli bərə fırtınaya düşüb və ön hissəsindən su almağa başlayıb. Nəticədə bərə aşıb, onlarla sərnişin gəminin daxilində köməksiz vəziyyətdə qalıb. Polis araşdırması zamanı gəminin sol bortundakı pontonun gövdəsində çat yarandığı müəyyən edilib.
Gəmidə olan 241 nəfər xilas ola bilib. Aylarla davam edən axtarışlardan sonra 27 nəfərin meyiti tapılıb, bir nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Yerli hakimiyyət orqanları kapitanı vaxtında qəza siqnalı verməməkdə və bütün sərnişinlər təxliyə olunmamış gəmini tərk etməkdə şübhəli bilirlər. Araşdırma zamanı gəminin reys məlumatlarının qeydiyyat qurğusunun (VDR) hadisədən əvvəl söndürüldüyü müəyyən edilib. İstintaqda sərnişinlərin çəkdiyi videolardan, şahid ifadələrindən və texniki xidmət sənədlərindən istifadə olunur.
Prokurorluq iddia edir ki, qəzadan əvvəl gəminin gövdəsindəki zədə keyfiyyətsiz şəkildə, ucuz yapışdırıcı vasitəsilə təmir edilib və bərə bu təmirdən sonra 79 reys həyata keçirib.
İş üzrə şirkət rəhbərlərindən biri, kapitan, baş köməkçi, baş mexanik, ikinci mexanik və digər dörd ekipaj üzvü olmaqla, ümumilikdə doqquz nəfər həbsdə saxlanılır.





