Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 unikal gəmi-bərə sifariş etdi

1544

Oktyabrın 26-da Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə 2 ədəd unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilmişdir.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Bakı Gəmiqayırma Zavodunun əsas səhmdarı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və digər rəsmi şəxslər və qonaqlar iştirak etmişlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev yeni gəmi-bərələrin layihəsini tədbir iştirakçılarına təqdim edərək bildirmişdir ki, rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin də donanmasının daim yenilənməsi və müasir tələblərə cavab verən gəmilərin tikintisi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regionda nəqliyyat-loqistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədi ilə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarda xüsusi rola malik olan və Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün bu gəmilərin tikintisi çox böyük əhəmiyyətə malikdir.

Sədr bildirdi ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının yenilənməsinə xüsusi həssaslıqla yanaşır və bazarın tələbinə uyğun yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəmiçilik sahəsinə göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir ki, son 3 il ərzində 15 yeni gəmi, o cümlədən 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,500 ton yük götürmə qabiliyyətli quru yük gəmisi, 1 ədəd 13,000 tonluq tanker, 1 ədəd təchizat gəmisi, eləcə də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilmiş 1 ədəd liman-yedək və 3 ədəd sərnişin gəmisi Gəmiçiliyin balansına qəbul edilmişdir.

Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi vardır. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.

Son illər ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, Azərbaycanda nəqliyyat-logistika sahəsində görülən işlər nəticəsində Trans-xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə  yükdaşımalarda artım müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2016-cı ilin 9 ayı ərzində Gəmiçilik tərəfindən Transxəzər dəhlizi üzrə daşınan vaqonların sayında 14%, TİR-lərin sayında isə 3 dəfədən çox artım qeydə alınmışdır.

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional əhəmiyyətli  layihənin istismara verilməsi ilə əlaqədar, ölkəmiz üzərindən artması gözlənilən tranzit yüklərin vaxtında daşınmasında respublikamızın nəqliyyatçıları qarşısında qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədi ilə, yeni Ro-Pax/Bərə tipli gəminin konsepsiyasının hazırlanması üçün Gəmiçilik bir neçə tanınmış layihə-konstruktor büroları ilə iş aparmış və nəticədə Odessa Dəniz Mühəndisliyi Bürosunun hazırladığı təklif üzərində dayanılmışdır. Gəmiçilik son 1 ildən artıq müddətdə həm vaqon, həm də TİR götürmək imkanına malik unikal gəmi konsepsiyasının hazırlanması üçün bu büronun aparıcı mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparmış və Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TİR) tutumlu Ro-Pax/Bərə tipli gəminin eskiz və texniki layihəsi hazırlanmışdır. Ölkə başçısınn birbaşa dəstəyi və göstərişlərinə uyğun olaraq, bu gəmilərin tikintisi Bakı Gəmiqayırma Zavodu tərəfindən həyata keçiriləcəkdir. Güclü infrastruktur və potensiala malik Bakı Gəmiqayırma Zavodu bu sifarişlərin öhdəsindən gəlməklə yanaşı, öz təcrübəsini də əhəmiyyətli dərəcədə artıracaqdır. Gəmiçilik bundan sonra da gəmi tikintisi üzrə sifarişlərini Bakı Gəmiqayırma Zavodunda yerləşdirməyi planlaşdırır. R.Vəliyev onu da qeyd etdi ki, bu layihə tam yeni konsepsiya olaraq ilk dəfə tikiləcəkdir, eləcə də bu cür gəminin ilk dəfə Bakı Gəmiqayırma Zavodunda və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikilməsi çox əlamətdar hadisədir. Eyni zamanda, tikiləcək yeni gəmilər bu günlərdə yaranmasının 3 ili tamam olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün ölkə başçısı tərəfindən ən böyük hədiyyə və dəstəkdir. Gəmiçiliyin çoxminli kollektivi bundan sonra da ölkə başçısının etimadını doğrultmaq üçün bütün qüvvəsini səfərbər edəcəkdir.

İmzalanma mərasimində çıxış edən Şahin Mustafayev ölkə rəhbərliyi səviyyəsində Azərbaycanın tranzit potensialından və onun əlverişli coğrafi mövqeyindən tam faydalanmaq üçün, tranzit yükdaşımalar sahəsində kifayət qədər ciddi islahatların və irimiqyaslı işlərin aparıldığını bildirdi. Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması buna bariz nümunədir. Nazir bildirdi ki, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və orada azad iqtisadi zonanın yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi, Azərbaycan və İran arasında çatışmayan dəmir yolu xəttinin salınması və digər bu kimi irimiqyaslı layihələr Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhvə verəcəkdir. Bununla bərabər, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası və Azərbaycanın yükdaşımalarda iştirak edən müvafiq qurumları arasında işgüzar  əməkdaşlıq nəticəsində, Azərbaycan üzərindən daşınan tranzit yüklər üçün əlverişli şərait yaradılmış, yükdaşıma prosedurları sadələşdirilmiş, tariflərdə şəffaflığa və endirimlərin tətbiqinə nail olunmuş, bu işlərin nəticəsi kimi, tranzit yüklərin həcmində artım müşahidə olunmaqadadır. Nazir əlavə etdi ki, TIR-ların Xəzər dənizi üzindən daşınması məqsədi ilə Koordinasiya Şurası tərəfindən, eyni zamanda yükdaşımalarda iştirak edən digər qürumların birgə fəaliyyəti nəticəsində bütün bu marşrut boyu yük maşınlarının tarifində 40 faizə qədər endirim təqdim edilmişdir. Bu da TIR-ların Azərbaycan üzərindən keçməsi üçün əlverişli şərait yaradıb.

Şahin Mustafayev xüsusi ilə qeyd etdi ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun aparıcı üzvü olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün yeni unikal Ro-Pax/Bərə tipli gəmilərin tikintisi, ölkəmizin tranzit yükdaşımalar sahəsində həyata keçirdiyi strateji siyasətin məntiqi davamıdır. Belə ki, bu gəmilər Xəzər üzərindən artan vaqon və TİR daşıma həcmlərinin vaxtında və yüksək keyfiyyətlə nəqlinin təmin edilməsinə imkan verəcəkdir. Eyni zamanda,  belə gəmi tikintisi sifarişlərinin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsi, yerli gəmiqayırma təcrübəsinin daha da genişlənməsinə və iqtisadiyyatımızın şaxələnməsinə xidmət edəcəkdir. Şahin Mustafayev vurğulayıb ki,  son illər Azərbaycanda sənayenin inkişafı üçün xeyli işlər görülür və dövlət tərəfindən yerli istehsalçılara ciddi dəstək göstərilir. Bu baxımdan, Azərbaycanda ən böyük və unikal zavodlardan olan Bakı Gəmiqayırma Zavodu “Qaradağ” sənaye parkına rezident qəbul edilmiş və gəmi tikintisi üçün bütün növ malların idxalı üzrə ƏDV-dən və gömrük rüsumlarından azad edilmişdir. Bu cür optimallaşdırma tədbirləri Azərbaycanda gəmiqayırma sənayesinin rəqabət qabiliyyətinin daha da artırılmasına müsbət təsir edir.

Nazir bu gün yeni gəmi tikitisini sifariş edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini və tikintini həyata keçirəcək Bakı Gəmiqayırma Zavodunun kollektivlərini təbrik edib,  onlara işlərində uğurlar arzuladı.

Bakı Gəmiqayırma Zavodunun əsas səhmdarı olan SOKAR-ın prezidenti Rövnəq Abdullayev, bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsinin çox sevindirici hal olduğunu bildirmişdir. Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühümdür. R.Abdullayev, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəqliyyat donanması üçün tələb olunan tankerlərin, quru yük gəmilərinin, eləcə də dənizdə neft və qaz əməliyyatlarının aparılmasına xidmət edən ixtisaslaşmış neft donanması üçün tələb olunan gəmilərin tikintisi üzrə sifarişlərin də məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.

R.Abdullayevin sözlərinə görə SOCAR Gəmiçiliyin xidmətlərindən istifadə edən ən iri şirkətdir. “Ümid edirik ki, Gəmiçilik Neft Şirkətinin istər neft daşımaları, istərsə də dənizdə aparılan neft-qaz əməliyyatlarını təmin etmək üçün yeni gəmilər sifariş edəcək və neft sənayesinə daha müasir və geniş imkanlı gəmilərlə xidmət göstərəcək. Biz də öz növbəmizdə, belə sifarişlərin yerləşdirilməsi üçün Gəmiçiliyə bundan sonra da lazımi köməklik göstərəcəyik”.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib ki, Dövlət Dəniz Administrasiyası və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi arasında Azərbaycanda gəmiçiliyin inkişafı istiqamətində sıx birgə işlər aparılır. Son illər ölkə başçısının köməyi ilə, gəmiçilik sürətlə inkişaf edir, mühüm tədbirlər görülür və gəmiçilik sahəsində Azərbaycanda güclü normativ baza yaradılmışdır. Ölkəmizdə gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, regionda ən iri, müasir və güclü potensiala malik Bakı Gəmiqayırma Zavodunun tikilməsi gəmiçilik sahəsinə dövlət tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

Yeni gəmi-bərə ilə əlaqədar, Administasiyanın rəisi qeyd edib ki, unikal konsepsiyalı yeni bərələrin Azərbaycan gəmiçiliyində istismara verilməsi, Xəzərdə yükdaşıma bazarında Azərbaycan gəmiçiliyinin flaqman və aparıcı mövqeyindən xəbər verir. Nəqliyyat donanmasının bundan sonra da mütəmadi yenilənməsinin mühümlüyünü vurğulayan Q.Qurbanov, bu tədbirlərin Azərbaycanın nəqliyyat-logistika strategiyası üçün əhəmiyyətli olduğunu qeyd edib.

Odessa Dəniz Mühəndisliyi Bürosunun baş direktoru Gennadi Yeqorov son 1 ildən artıq müddətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə sıx əməkdaşlıq etdiklərindən və Xəzərdə bu cür yeni konsepsiyalı layihənin həyata keçirilməsindən məmnun olduğunu bildirib. Bu yeni konsepsiya Gəmiçiliyin mütəxəssisləri ilə aparılan uzunmüddətli texniki danışıqların nəticəsində, Xəzərdə mövcud vəziyyət, Gəmiçiliyin vaqon, TİR və sərnişin daşımaları üzrə təlabatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant kimi hazırlanmışdır.  Onun sözlərinə görə, əvvəllər bu tip gəmi-bərələr xaricdə tikilirdi. Gəmilərin Volqa-Don kanalından Azərbaycan ərazisinə daxil olması üçün layihələr bu kanalın parametrlərinə uyğun hazırlanırdı. Gəmi-bərələrin eni, uizunluğu, hündürlüyü həmin parametrlərə uyğunlaşdırılırdı kı, Volqa-Don kanalındakı körpülərin altından keçəndə problem yaranmasın.  Bu da gəminin eni və uzunluğunun daha az olması ilə nəticələnirdi. Baş Direktor bildirdi ki, gəmidə sahə itkisinə yol verildiyindən yükdaşımaların həcminin azalmasına təsir göstərirdi. Onun sözlərinə görə, Azərbaycan hökumətinin dəstiyi ilə Gəmiqayırma Zavodunun tikilməsi bizə imkan verir ki, unikal dizayna malik yeni gəmilıər tikək. Gennadi Yeqorov əmindir ki, hazırki layihə dünyada öz gözəlliyi ilə seçiləcək.

Qonaq birgə hazırlanmış konsepsiya və onun müəllif hüququnun təmsil etdiyi  büro ilə Gəmiçiliyə məxsus olduğunu məmnunluqla qeyd edib.

Layihənin xüsusiyyətləri, onun üstünlükləri, bərənin texniki imkanları barədə məlumat təqdim edilib və bu layihənin son texnoloji yeniliklər nəzərə alınmaqla hazırlandığı bildirilib. Sözügedən layihənin Xəzər regionu üçün yeni olmasına baxmayaraq, Bakı Gəmiqayırma Zavodu ilə yaxından tanış olduğunu və buradakı infrastruktur və texniki imkanların ən yüksək səviyyədə olduğunu bildirən Yeqorov, zavodun bu  unikal layihənin öhdəsindən asanlıqla gələcəyini vurğulayıb.

Qeyd edək ki, 2 ədəd Ro-Pax/Bərə tipli gəminin tikinitisi Bakı Gəmiqayırma Zavodu tərəfindən 132 mln AZN məbləğində qiymətləndirilmişdir.