Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı sahəsində Xəzər regionunun lider ölkələrindən biri kimi Türkiyəyə və Avropa İttifaqına “yaşıl” elektrik enerjisinin ixracı məqsədilə enerji dəhlizlərinin yaradılmasına dair beynəlxalq layihələrdə iştirak edir. Bu layihələrin hazırlanması uğurla irəliləyir. Bir neçə gün əvvəl Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumunda texnoloji və kommersiya həlləri təqdim olunub, həmçinin layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib.
Denizxeber.az bildirir ki, son illərdə Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqini sürətləndirib. Fars körfəzi ölkələri, Çin, Türkiyə və Avropa İttifaqından olan investorların iştirakı ilə respublikada günəş və külək elektrik stansiyaları, kiçik su elektrik stansiyaları fəal şəkildə inşa edilir. Yeni generasiya obyektlərinə uyğun olaraq ötürücü sistem modernləşdirilir, yarımstansiyalar rəqəmsallaşdırılır və elektrik enerjisinin akkumulyator əsaslı saxlama sistemləri (BESS) tətbiq olunur.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonaları” kimi müəyyən edilib. Gözlənilir ki, 2027-ci ilədək 11 günəş və külək elektrik stansiyasının tikintisinə qoyulan ümumi investisiyanın həcmi 2,8 milyard ABŞ dollarına çatacaq. Bunun nəticəsində ölkənin enerji sisteminə əlavə 2 GVt gücündə generasiya imkanları daxil ediləcək. 2032-ci ilədək isə Azərbaycanda bərpa olunan enerji obyektlərinin ümumi gücünün 8 GVt-a çatdırılması nəzərdə tutulur.
Beləliklə, artıq yaxın bir-iki ildə bərpa olunan enerji mənbələri yerli istilik elektrik stansiyalarında ildə təxminən 1,1 milyard kubmetr təbii qaza qənaət etməyə və hər il 5 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Ümumilikdə, 2035-ci ilədək ölkəmizdə istehsal olunan enerjinin ümumi həcmində bərpa olunan mənbələrin payının 43%-ə çatacağı gözlənilir.
Bu potensial Azərbaycana enerji çatışmazlığı yaşayan Avropa İttifaqı bazarına elektrik enerjisi ixrac edən aparıcı regional ölkələrdən birinə çevrilmək imkanı yaradır. Bu baxımdan, Azərbaycan–Türkiyə enerji mərkəzinin formalaşdırılması planları çərçivəsində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin ötürülməsi sistemi modernləşdirilir. Eyni zamanda, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə hazırlıq görülür.
Xüsusilə, Mərkəzi Asiya–Azərbaycan–Türkiyə–Avropa enerji arxitekturasının formalaşdırılması üçün TRIPP marşrutundan istifadə edilməsi planlaşdırılır.
Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyələşdirdiyi Mərkəzi Asiya–Azərbaycan enerji dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının isə 2027-ci ilin mayında tamamlanacağı gözlənilir.
Qeyd edək ki, günəş və külək enerjisi sahəsində böyük potensiala malik Qazaxıstan, Özbəkistan və Türkmənistan xarici bazarlara çıxış üçün Azərbaycanı etibarlı tranzit marşrutu kimi nəzərdən keçirirlər. Bu fonda Mərkəzi Asiya və Cənubi Qafqazda generasiya güclərinə və enerji infrastrukturuna planlaşdırılan investisiyaların ümumi həcmi artıq 289 milyard ABŞ dollarına çatır.
Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropaya “yaşıl” enerji
Avropaya “yaşıl” elektrik enerjisinin ötürülməsinə yönəlmiş ilk beynəlxalq təşəbbüs 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasından sonra real layihə mərhələsinə keçib.
Layihə Qara dənizdə 2200 metrədək dərinlikdə sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutur. Uzunluğu 1195 kilometr olacaq bu xəttin layihə gücünün ən yüksək göstəricisi 3,9 GVt təşkil edəcək. Kabel vasitəsilə Azərbaycanda və Gürcüstanda istehsal olunan “yaşıl” elektrik enerjisi Rumıniya və Macarıstana, oradan isə Avropanın digər ölkələrinə ötürüləcək.
Bu məqsədlə 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində Qazaxıstan və Özbəkistanla “təmiz” elektrik enerjisinin ixracı üçün enerji sistemlərinin inteqrasiyasına dair saziş imzalanıb.
Həmin vaxtdan etibarən “Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” (Black Sea Energy) layihəsinin texniki-iqtisadi əsaslandırılması və kommersiya perspektivlərinin qiymətləndirilməsi praktiki mərhələyə keçib. Gözlənilir ki, 2032-ci ilədək Azərbaycan beynəlxalq bazarlara çıxış imkanı verən “yaşıl” enerji dəhlizinin istismarına başlaya biləcək.
Ötən cümə axşamı Bakıda keçirilən forum çərçivəsində layihənin texniki-iqtisadi əsaslandırılmasının nəticələrinə həsr olunmuş sessiya baş tutub. Tədbirdə İtaliyanın mühəndislik və konsaltinq şirkəti CESI tərəfindən aparılan tədqiqatın əsas nəticələri təqdim edilib.
Bu təhlilin nəticələri əsasında layihənin kommersiya strukturu formalaşdırılacaq, maliyyələşdirmə imkanları qiymətləndiriləcək və 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlıq başlanacaq.
Texniki-iqtisadi əsaslandırmaya əsasən, layihə Cənubi Qafqaz regionunda ən azı 8 GVt gücündə bərpa olunan enerji generasiya obyektlərinin inkişafına şərait yaradacaq. 2040-cı ildən başlayaraq Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsi və karbon qazı emissiyalarının 3,6 milyon tonadək azaldılması mümkün olacaq.
Qabaqcıl texnologiyalar və maliyyələşdirmə imkanları
Forum çərçivəsində altı tematik sessiya təşkil olunub və çoxsaylı təqdimatlar keçirilib. İştirakçılar yüksək gərginlikli sabit cərəyan texnologiyalarına, sualtı elektrik kabellərinin istehsalına və çəkilişinə, mühəndislik xidmətlərinə, satınalma və tikinti proseslərinə, innovativ texnoloji həllərə, eləcə də təchizat zəncirlərinin imkanlarına xüsusi diqqət yetiriblər.
Sessiyalardan birində Jan De Nul şirkəti 4000 metrdən artıq dərinlikdə tətbiq edilən dünyanın ilk kabel texnologiyasını təqdim edib. Müvafiq maliyyələşdirmə mexanizmi mövcud olduğu halda, bu texnologiyanın “Yaşıl Enerji Dəhlizi” layihəsində tətbiqi də mümkün hesab olunur.
Sessiyalarda layihənin texniki icrası üçün zəruri istehsal və podrat imkanları, texnologiya təchizatçılarının hazırlıq səviyyəsi, eləcə də iri enerji infrastrukturu layihələrinin həyata keçirilməsində beynəlxalq sənaye şirkətlərinin iştirakı perspektivləri müzakirə edilib.
Müzakirələr zamanı vurğulanıb ki, uzun məsafəli enerji infrastrukturunun çəkilməsini nəzərdə tutan transsərhəd layihələrin reallaşdırılması beynəlxalq maliyyə təşkilatları, dövlətlər və özəl investorlar arasında sıx əməkdaşlıq tələb edir.
Eyni zamanda, layihənin kommersiya baxımından dayanıqlığını təmin etmək üçün tənzimlənən və bazar mexanizmlərini birləşdirən hibrid biznes modeli nəzərdən keçirilir. Bu model uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın cəlb edilməsinə və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanır.
Azərbaycan regional “yaşıl” enerji mərkəzinə çevrilməyi hədəfləyir
Forumun açılışında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Black Sea Energy layihəsinin regional enerji təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsi və “yaşıl” keçid baxımından strateji əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, layihə üzrə tədqiqatlar cari ilin iyul ayında başa çatıb və onun texniki cəhətdən həyata keçirilə biləcəyini, iqtisadi baxımdan isə cəlbedici olduğunu təsdiqləyib.
Pərviz Şahbazov xüsusilə qeyd edib ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizi “yaşıl” enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevirmək siyasətində xüsusi yer tutur.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iyul ayında Bakıya səfəri zamanı bu təşəbbüsə dəstəyini bir daha ifadə edib. Bu kontekstdə Avropa Komissiyasının Black Sea Energy layihəsinin 2026-cı il üçün Trans-Avropa Enerji Şəbəkəsinin İnkişaf Planına (TYNDP 2026) daxil edilməsi və ona Qarşılıqlı Maraq Kəsb edən Layihə (PMI) statusunun verilməsi istiqamətində səyləri xüsusi əhəmiyyət daşıyır. Belə bir status layihənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Pərviz Şahbazovun sözlərinə görə, əsas vəzifə dayanıqlı biznes modeli, etibarlı maliyyələşdirmə mexanizmləri və möhkəm tərəfdaşlıq münasibətləri əsasında 2029-cu ildə layihə üzrə yekun investisiya qərarının qəbul edilməsidir.
Nazir vurğulayıb ki, Azərbaycanın strateji coğrafi mövqeyi, beynəlxalq enerji layihələrinin həyata keçirilməsi sahəsində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri qarşıya qoyulan məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır.





