Bu gün Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” və SOCAR birgə məlumat yayıb.
Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.
***
Razılaşma bundan sonra da “AÇG”yə irihəcmli sərmayələrə yol açacaq. Gələcək illərdə çoxsaylı iş yerləri yaradacaq. “AÇG” tərəfdaşlığı üzrə işləri BP idarə edəcək.
Bu razılaşma “AÇG” blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda “AÇG”dən hasilat gündəlik təxminən 620 minbarel neft ekvivalenti səviyyəsindədir. ABƏŞ səhmdarları BP, “Chevron”, “İnpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “İtochu” və “ONGC Videsh” şirkətləridir.
Niyyət məktubu bu gün Bakıda Azərbaycan Respublikası adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.
Qeyd olunub ki, niyyət məktubu “AÇG” yataqlarblokunungələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
SOCAR prezidenti R.Abdullayev bildirib ki, xeyli müddətdir “AÇG”-nin xarici tərəfdaşları ilə danışıqlar aparılır: “Yaxın vaxtlarda tam razılaşdırılmış sazişləri yekunlaşdıracağıq. “AÇG” dünyada “Əsrin Müqaviləsi” kimi tanınır. Bu yataq Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Bu yataq bizim neft sənayemizin simvoludur. “AÇG”-nin işlənməsi ölkəmizin inkişafı üçün tamamilə yeni bir dövrün başlanmasına səbəb olub. “AÇG”-nin xarici tərəfdaşları ilə bu gün imzaladığımız niyyət məktubu onu göstərir ki, bundan sonra hələ uzun illər “AÇG”-nin uğurlarının şahidi olacağıq”.
BP-nin baş icraçı direktoru Bob Dadli isə bildirib ki, bu gün Azərbaycan, SOCAR və ABƏŞ üçün əlamətdar bir gündür: “Bununla da bu çox uğuru tərəfdaşlığın əsrin ortasınadək davamı üçün möhtəşəm imkanlar açılır. Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində “AÇG”-nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur və qarşıdan gələn çox-çox onilliklər ərzində onu davam etdirəcəyinə böyük ümidlərlə baxır”.
BP-nin regional prezidenti Q.Birrell qeyd edib ki, “AÇG” blokunun operatoru olaraq BP bu, dünya səviyyəli yatağın təhlükəsiz və səmərəli işlənməsini bundan sonra da davam etdirmək imkanından məmnundur: “Bugünkü imzalanma bizə “AÇG”-nin gələcək uğurlu işlənməsinin, həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da bu ölkənin potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək”.
Qeyd edək ki, “AÇG” Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.
“AÇG” blokunun işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş (PSA) 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək 3 mlrd. bareldən çox neft hasil edilib və təxminən 33 mlrd. dollar sərmayə qoyulub.
“AÇG” blokunda 6 hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. Hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir.
BP şirkəti ABƏŞ və “AÇG” üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.