Qütblərdə 12,5 trilyon ton buz əriyib

18

ABŞ-da aparılan araşdırmaya görə, 1979-cu ildən bəri Qrenlandiya və Antarktidadakı buzlaqların əriməsi nəticəsində 12,5 trilyon ton buz itirilib. Mütəxəssislərin sözlərinə görə, bu, ABŞ ərazisini təxminən 1,5 metr qalınlığında buz təbəqəsi ilə örtə biləcək qədər böyük bir miqdardır.

Denizxeber.az bildirir ki, Şimali Avropada Danimarka Krallığına bağlı muxtar ərazi olan Qrenlandiyanın sahillərində buzlaqlardan qoparaq dənizə sürüklənən müxtəlif ölçülü buz parçaları görüntülənib.

“Scientific Data” (“Elmi Məlumatlar”) jurnalında dərc olunan araşdırmaya görə, 1979-cu ildən bəri Qrenlandiya və Antarktidadakı buzlaqların əriməsi nəticəsində 12,5 trilyon ton buz itirilib. Tədqiqatçılar bildiriblər ki, bu miqdar ABŞ ərazisini təxminən 1,5 metr qalınlığında buz təbəqəsi ilə örtə biləcək həcmdədir.

BUZLAQLAR OKEANA AXIR

ABŞ-nin “The Associated Press” (AP) xəbər agentliyinin məlumatına görə, sentyabrın əvvəlində dərc olunan araşdırmada qlobal istiləşmənin quru ərazilərə və su hövzələrinə təsirinin Yer kürəsinin iki böyük buz örtüyündə ərimə prosesini də sürətləndirdiyi bildirilib.

Baş verən ərimənin beşdə dördü havaların daha isti olmasından deyil, buz örtüklərini aşağıdan və yanlardan aşındıran isti sulardan qaynaqlanır. Başqa sözlə, buzlaqlar sanki okeanlara axır.

Araşdırmanın müəllifləri vurğulayıblar ki, bu vəziyyət gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi baxımından narahatedici haldır.

“QÜTBLƏR ƏRİYİR, DÜNYADA DƏNİZ SƏVİYYƏSİ YÜKSƏLİR”

Tədqiqatın həmmüəlliflərindən biri, Kaliforniya Universitetinin İrvayn kampusunun buzlaqşünası Erik Rignot məsələ ilə bağlı açıqlamasında deyib:

“Buz örtükləri sürətlə əriyir. Qütb bölgələri əriyir, dəniz səviyyəsi bütün dünyada yüksəlir. Bu vəziyyət sahilyanı ərazilərin həssaslığını daha da artıracaq.”

Araşdırmaya görə, əriyən bütün bu buzlar digər iqlim amilləri ilə yanaşı, 1979-cu ildən bəri qlobal dəniz səviyyəsinin təxminən 3,1 santimetr yüksəlməsinə səbəb olub.

Bu rəqəm ilk baxışda çox böyük görünməsə də, dəniz səviyyəsinin hər 1 santimetr yüksəlməsi nəticəsində ildə ən azı bir dəfə daha 2-3 milyon insan daşqınlardan təsirlənir.