SOCAR Şirkətlər Qrupu təkcə Azərbaycanın dövlət şirkətləri arasında əsas halqa deyil, həm də Ukraynanın neft-qaz bazarında nüfuzlu iştirakçıdır. “Report” “Socar Ukraine” şirkətinin 2017-ci il üçün dövlət müəssisələri ilə əməkdaşlıq, inkişaf strategiyalarının adaptasiyası və qrupun prioritet fəaliyyət istiqamətləri barədə ŞQ-nin topdan ticarət istiqməti üzrə direktoru Andrey Bıçkov və pərakəndə ticarət istiqməti üzrə direktoru İqor Orlovla söhbətləşib.
– SOCAR Ukraynada ilk yanacaqdoldurma kompleksini (YDK) 2011-ci ildə açıb və müştərilərini qüsursuz xidmət və komplekslərinin yüksək texnologiyalı olmasıyla qazanıb. O vaxtdan bəri şirkət bütün ölkə ərazisinə yayılan YDK-ların sayını 58-ə çatdırıb. Son vaxtlarda isə inkişaf tempi yavaşıyıb, ən azı başlanğıcda olduğu kimi, tez-tez yeni YDK-lar açılmır. Geridə qalan 5 ildəki fəaliyyətinizi necə qiymətləndirirsiniz? YDK şəbəkəsinin inkişaf planında dəyişiklik nə ilə bağlıdır?
İqor Orlov: Çox haqlı olaraq vurğuladınız ki, istehlakçı qazanmağı bacardıq. Və bu, bizim əsas nailiyyətimizdir. Ukraynada olduğumuz ilk gündən bəri müəyyən rezonans yaratdıq, müştərilərimizi yaxşı mənada təəccübləndirdik və bazarda servis xidmətinin yeni standartlarını müəyyənləşdirdik. Təbii ki, ilk vaxtlar inkişaf daha intensiv idi, biz bütün regionlarda mövcud olmaq üçün çalışırdıq. Hazırda isə üzvi artım diqqətin fəaliyyətin effektivliyinə yönəldilməsini tələb edir. Bu sahəyə isə mövcud proseslərin, xərclərin strukturu, artıq açılmış hər bir kompleksdən maksimum fayda alınması üçün portfelin təhlili, eləcə də yeni sahələrin ehtiyatlı seçimi daxildir. Sözsüz ki, həm daxili, həm də xarici iqtisadi vəziyyət öz rolunu oynayıb. Bununla belə, SOCAR Ukraynada yeni YDK-lar açmağa davam edən demək olar, yeganə şirkətdir.
Andrey Bıçkov: Bəli, həqiqətən, pərakəndə ticarətdə kəmiyyətdən keyfiyyətə keçmişik. Topdan ticarət istiqamətdə isə il ərzində qrupun ümumi dövriyyəsində istiqamətin payını artıraraq daha intensiv hərəkət edirik. Müştəri bazasına yanacağı kiçik və böyük ölçüdə topdan alan 2000-dən çox podratçı daxildir. Onlar arasında dövlət şirkətləri də var, özəl sektor nümayəndələri də. Pərakəndə sahədə olduğu kimi, qüsursuz xidmət təklifimizin fərqləndirici xüsusiyyətidir. Öhdəlikləri intizamlı şəkildə yerinə yetirərək, istisnasız olaraq qanunvericilik sahəsi çərçivəsində hərəkət edərək məsuliyyətli və etibarlı tərəfdaş nüfuzu qazanmışıq. Bu da biznesin bu istiqmətini inkişaf etdirməyimizə yardım edir.
– İnkişaf planları haqqında ətraflı məlumat verərdiniz. Topdan ticarət istiqməti üçün hansı seqmentlər prioritet sayılır?
A.B.: Təbii ki, artıq çox şey əldə etdiyimiz dövlət sektoru. Son bir il ərzində satınalınmaların şəffaflığı ilə bağlı da ciddi işlər görmüşük. Məsələn, “Ukrzaliznıtsya” ASC-nin tenderlərində elə bir hal yaşatmışıq ki, dövlət satınalma sisteminə yeni oyunçu daxil olub və təklifinin rəqabətqabiliyyətliliyinə görə qələbəni təmin edib. Bu cür dəyişikliklər üçün katalizator olmağa davam edəcəyik. Bazar iştirakçıları və dövlət strukturlarının nümayəndələri ilə ictimai meydanda, ictimai dialoqda hamı üçün bərabər şərait təmin etməyə çalışacağıq.
Biz eyni zamanda kənd təsərrüfatı sahəsilə əməkdaşlıqda böyük potensial görürük. Ukrayna aqrar sənaye nümayəndələri yanacağın ən böyük topdansatış istehlakçıları, tərəfdaşlıqda maraqlı olan və ədalətli qiymətlərə yüksək keyfiyyətli məhsul təmin edən tərəfdir. Öz məhsulları və aqrosoyuducularıyla məşhur olan Ternopol, İvano-Frankovsk, Vinnitsa regionları bizim üçün prioritetdir. Bu bölgələrdə 3 ədəd neft anbarı açmağı düşünürük. Onların vasitəsilə regionlarda problemsiz logistika təmin edəcəyik.
– Dövlət satınalma sisteminin maksimum dərəcədə rəqabətli və şəffaf olması üçün onlarda aparılmalı olan islahatları necə görürsünüz?
A.B.: Mexanizm elə də çox deyil, iki variant var. Birinci variant neft treyderləri, etibarlı şirkətlərlə ictimai dialoq aparmaq və tenderlərin şəffaflığını təmin etmək, manipulyasiya imkanlarını aradan qaldırmaq məqsədilə tenderlərin keçirilmə şərtlərində zəruri dəyişikliklər edilməsidir. İkinci variant isə zaman-zaman yaranan defisit fonunda treyderlərin “Ukrzaliznıtsya” ASC-yə təzyiqinin qarşısını almaq məqsədilə “Ukrzaliznıtsya”da strateji yanacaq ehtiyatının yaradılmasıdır.
– İqor, şirkətin pərakəndə ticarət sahəsindəki planları necədir? SOCAR yaxın gələcəkdə yeni YDK-lar açmağı planlaşdırır, planlaşdırırsa, bu, hansı regionlarda olacaq?
İ.A.: Artıq 2017-ci il üçün əsas diqqətin səmərəliliyinin artırılması və hər bir YDK-dan maksimum fayda götürülməsi olduğunu qeyd etdim. Eyni zamanda, bəli, Kiyev, Xarkov, Dnepr, Lvov kimi əhalisinin sayı bir milyondan çox olan şəhərlərində şəbəkəni inkişaf etdirməyi planlaşdırırıq.
– Yaxın gələcəkdə Kiyevdə yeni YDK açılmasının planlaşdırılmasıyla bağlı məlumatlar əldə etmişik. Daha ətraflı məlumat verərdiniz.
İ.A.: Bəli, tam doğrudur. Yeni YDK Protasov Yar küçəsində, kiyevlilərə yaxşı tanış olan dağ-xizək idman kompleksinin düz yaxınlığında açılacaq. Buna görə də SOCAR-ın ənənəvi xidmətlərindən, benzin və qazdan savayı, xizəkçilərə də xüsusi nəsə bir şey təklif etmək istəyirik (gülür). Ola bilsin, xizəklər üçün dayanacaq və ya ekstremal idmançılar üçün xüsusi bir şey oldu. Açılışa gələrsiniz, özünüz görərsiniz!
– Həyəcanlandırdınız… Yeri gəlmişkən, servislər barədə. Yeni xidmətlər ideyalarını necə yaradırsınız?
İ.A.: Bilirsiniz, bu, daim davam edən prosesdir. Bu il proses belə desək, yeni bölmə çərçivəsində öz formasını tapıb. Belə ki, 2016-cı ildə innovasiyalar şöbəsi yaradılıb, biz onu “Kreativ büro” adlandırırıq. Bu yerdə qeyd etmək vacibdir ki, yeniliklər bizim üçün qarşıya qoyulmuş məqsəd deyil. YDK-larda edilən yeniliklər xidmətlərimizin maksimum dərəcədə sadə və rahat olmasını, eləcə də müştərilərimizin vaxta qənaət etməsini təmin etmək məqsədi daşıyır.
– SOCAR-ın iş prinsipləri Bakıdakı mərkəzi ofisdən necə yönləndirilir və onların həyata keçirilməsinə nəzarət necə baş verir?
İ.A.: Bilirsiniz, Ukraynada iş strategiyası ana strukturunun yüksək biznes və etik standartları ilə müəyyən edilir. Nəzarət üçün istifadə olunan korporativ idarəetmə prinsipləri isə şaquli inteqrasiya olunmuş şirkətlərin əksəriyyəti üçün ənənəvidir.
– Bu ilin iyul ayında Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev ilə Petro Poroşenko Bakıda Odessa-Brodı neft kəməri layihəsinin bərpası imkanlarını müzakirə ediblər. Bu boru kəməri Azərbaycan neftinin Ukrayna ərazisindən tranzitinə hazırdır? Bu istiqamətdə danışıqlar aparılır?
A.B.: Təbii ki, texniki baxımdan neft kəməri hazırdır. Hüquqi və siyasi baxımdan isə məsələ qəlizdir. Danışıqlar barədə onu deyə bilərəm ki, onlar çoxdan aparılıb və bu proses davam edir. Onların məntiqi nəticəyə çatması mümkündür, amma təəssüf ki, bu məsələdə hələ ki, başqa heç bir şərh yoxdur.
– SOCAR neftinin Belarusdakı Mozır NEZ-ə tədarükünün ilk partiyasının nəticələrini necə qiymətləndirirsiniz və bu cür tədarüklərlərin davam etdirilməsi planlaşdırılırmı?
A.B.: Azərbaycan üçün bu, vacib müştəridir. Onlarla son bir neçə ildə danışıqlar aparılıb. Bildiyim qədər, bir dəfə tədarük həyata keçirilib, amma tərəflər daimi işin şərtləri barədə razılığa gələ bilməyib. Ümid edirəm ki, yaxın gələcəkdə bu, mümkün olacaq.
– Xammal emalı üçün Ukrayna zavodlarına, xüsusilə də Şebelinskoye qaz emalı zavodu “Ukrqazvidobuvannya”ya tədarükün mümkünlüyü nəzərdən keçirilir?
A.B.: Bu ilin əvvəlində Şebelinskoye qaz emalı zavodu (QEZ) ilə YKGF (“yüngül karbohidrogenlərin geniş fraksiyası” emal üçün xammaldır – red.) tədarükü barədə danışıqlar aparılıb, amma şərtlər iqtisadi cəhətdən bizə sərfəli deyildi. Bildiyim qədər, SOCAR-ın mərkəzi ofisi Şebelinskoye QEZ ilə danışıqlar aparmayıb. Amma “Ukrqazvidobuvannya”nın sürətli inkişafını, onların yeni menecmentini, işə yeni yanaşmalarını nəzərə alsaq, danışıqların yaxın zamanlarda bərpa edilməsi mümkündür.
– “SOCAR Ukraine” şirkətinin Ukrayna bazarından kənara çıxmaq imkanları nəzərdən keçirilir?
A.B.: Moldova bazarına daxil olmaq planları var, çünki o, Ukraynadan idarə olunur. Bu bazar Ukraynadakından qat-qat kiçik olmasına baxmayaraq, orada inkişaf perspektivləri var. Həmçinin Moldovanın dövlət strukturları ilə əməkdaşlığı da istisna etmirik.