Azərbaycanın ilk qadın gəmi kapitanı: “İnsanları idarə etmək gəmi idarə etməkdən çətindir!”

1576

Zərifə Ləzgizadə: “Okean Xəzərin bir tikəsi də deyil”

Ailem.az-ın “Aslanın erkəyi, dişisi olmaz” layihəsində “qadınlar bunu bacarmaz” deyilən işlərin elə həmin qadınlar tərəfindən necə uğurla yerinə yetirildiyinin şahidi olacaqsınız. Atalar yaxşı deyib: “Aslanın erkəyi, dişisi olmaz”. İnsan istəsə, hər şeyi bacarar. Və onlar bacarırlar… “Bəh, bəh, bəh,… Az qalıram, dənizi qucaqlayım”.
Maşından düşəndə dənizin mavi sularına baxdı və dediyi ilk söz bu oldu. Layihəmizin növbəti qonağı 21 yaşında Azərbaycanın ilk qadın gəmi kapitanı olmuş və bu yaxınlarda 90 yaşını tamamlayan Zərifə Ləzgizadədir. Dəniz sakit olsa da, hava şaxtalı idi olduğu üçün söhbətimizə evdə davam etmək qərarına gəldik. Maşın sahildən uzaqlaşdıqca, dənizə uzaqdan baxır, mənim əlimi tutub, gözləri ilə təşəkkür edirdi. Zərifə Ləzgizadə 1924-cü ildə Füzuli rayonunda anadan olub. 3 yaşında ailəsiylə birlikdə Bakıya köçüb. Balaca, mavi gözlü Zərifənin dənizlə ilk tanışlığı da elə bu dövrdən başlayır. Aradan illər keçir. Yeddinci sinifdə oxuyanda müəllimləriylə Bakı gəmiçilik məktəbinə ekskursiyaya gedirlər. Zərifə ilk dəfə böyük gəmiləri bu qədər yaxından görür. Heyran qalır. Həmin gün evə təzə arzuyla dönür: “Gəmiçi olmaq istəyirəm!”
“Məktəbi bitirib gəldim Bakı Dəniz Texnikumuna. İmtahan verib, qəbul oldum. Kapitanlıq fakültəsində dörd il oxudum. 1940-cı ildə texnikumu bitirdim. Əvvəl Bakı Bağırov Teploxodunda şturman, sonra isə uzaq məsafələrə üzən sərnişin gəmisində kapitan oldum. Bakı-Qazaxıstan, Bakı-Mahaçqala xətlərində işlədim. Ətrafımdakılar mənə çox hörmət edərdilər. Mən gələndə matroslar “kapitan gəlir” deyib, özlərini yığışdırırdılar. Qızım, insanları idarə etmək gəmini idarə etməkdən çətindir. Gəmidə söz bir dəfə deyilir. Əmr verirsən, matrosların hamısı yerinə yetirir. Amma həyatda belə deyil. Sözə baxmırlar (gülür)”. 21 yaşlı gənc qız üzərinə böyük bir məsuliyyət götürür. Azərbaycanda sərnişin gəmisində ilk qadın kapitan olur. Belə yüksək vəzifə sahibi olan qıza kim sevgi etirafı edə bilərdi? Əlbəttə, yalnız bir dənizçinin buna cəsarəti çatardı. Tale elə gətirir ki, gənc şturman gəmiçi ilə ailə həyatı qurur. Bu evlilikdən onların iki qızı və oğlu olub. Gənclik illəri İkinci Dünya Müharibəsinə təsadüf edən Zərifə xanım o illərdən danışmağı sevmir.
“O günləri xatırlamaq belə istəmirəm. Çətin illəri idi. Müharibə məndən doğmalarımı, gələcəyin tanınmış gəmi kapitanı olmaq arzumu aldı. O dövrdə dəniz sularında hərəkət etmək təhlükəli olduğundan, anamın istəyi ilə ixtisasımı dəyişmək məcburiyyətində qaldım. Dənizdən ayrılmaq mənə çox çətin oldu. Əgər anam mane olmasaydı, ömrümün sonuna qədər dənizdə olardım. İndi də bulvara gedəndə mütləq gəmiyə minirəm. Əgər cavan olsaydım, yenə gedib dənizçi olardım. Dənizdən heç vaxt qorxmamışam. Mahaçqalaya gedəndə bir dəfə fırtınaya düşdüm. Dərbənd yolu yamandır. Yenə də qorxmurdum. Bir həftə dənizdə olurduq, bir həftə evdə. Evdə olduğum günlərdə deyirdim ki, vaxt getsəydi dənizə çıxardım. Bayaq dənizi gördüm, ürəyim açıldı. Ağlamaq istəyirdim…” İkinci təhsilini Leninqrad Mühəndislər İnstitutunda alır. “Müharibədən sonra isə Lomonosov adına Moskva Dövlət Universitetini oxudum.
Daha sonra ali təhsilimi Azərbaycan Dövlət Darülfünununda davam etdirdim. Bundan sonra müstəntiq kimi fəaliyyətə başladım. Beləcə, illər ötüb keçdi. Bir də baxdım ki, nəvə-nəticə sahibiyəm. Altı nəvəm, yeddi nəticəm var. Uzun illər vətəndən uzaqda – Kanadada yaşadım. Qızımın yanına getmişdim. Beş ildən sonra dayana bilmədim, qayıtdım vətənimə. Orda olanda da qızıma deyirdim, mən gedirəm okeana baxmağa. Amma Xəzərin yerini vermirdi. Xəzər o qədər gözəldir ki, oranın okeanı bunun heç bir tikəsi də deyil. Xəzər elə Xəzərdir”. Adını Azərbaycanın dənizçilik tarixinə ilk qadın kapitan kimi yazmış Zərifə xanımla sağollaşıb çıxanda qapının astanasında dayandı və əllərimi ovcuna alıb: “Qızım, cavanlığınızın qədrini bilin. Cavanlığınızı saxlayın. Hamıya münasibətiniz yaxşı olsun. Nə sənət istəyirsiniz gedin, amma o sənəti yaxşı öyrənin. Mənim gəncliyim çox yaxşı keçib. Nə istəmişəmsə, etmişəm. Kapitan olmaq istədim, oldum. Müstəntiq olmaq istədim, oldum. Qorxmayın, arzularınız ardınca gedin!”.