20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

1067

20 Yanvar faciəsinin 27 – ci ildönümü ilə bağlı keçirilən anım mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri 20-ci əsr tarixinə ən amansız cinayətlərdən biri kimi düşüb: “Bu hadisələr müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir.
20 Yanvar günü həm də Milli Qürur günümüzdür. Azərbaycanın suverenliyi uğrunda ayağa qalxmış əliyalın xalq silahlı imperiya qoşunlarının qarşısında böyük şücaət göstərdi. Mərdlik və igidlik simvoluna çevrildilər. Şərəfli zirvəyə — Şəhidliyə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaratdılar. Bakıya yeridilən qoşunlar paytaxt və rayonlarda 147 nəfəri qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu olaylar Azərbaycan xalqının azadlıq eşqini boğmağa hesablansa da Vətən sevgisi ilə coşan insanların böyük müqaviməti ilə qarşılaşdı. Azərbaycan vətəndaşı üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər etdi. Onlar qanları bahasına müstəqilliyin şirinliyini dadan ilk insanlar oldular”. Administrasiyanın rəisi Qüdrət Qurbanov o ağır günlərdə məhz Ümummilli Lider Heydər Əliyevin xalqın səsinə səs verdiyini xüsusilə vurğulayıb: “Yalnız Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə pisləmişdir. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz dövlət başçısının yorulmaz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün bölgənin ən qüdrətli, nüfuzlu dövlətinə çevrilib və hər an düşmənə layiqli cavab vermək gücünə malikdir”.
Anım mərasimində  çıxış edənlər, o zaman Mixayıl Qarbaçov başda olmaqla imperiya rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri qətiyyətlə pisləyiblər. 20 Yanvar hadisəsinin Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli, qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.