Gəmiçiliyin nailiyyətlərində YAP üzvlərinin xidməti az deyil

1093

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin akt zalında Yeni Azərbaycan Partiyası Səbael rayonu “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

“Xəzər dənizçiləri” ərazi ilk təşkilatının sədri İzafət Məmmədov 2015-2016-cı illərdə təşkilatın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat dövründə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində görülən mühüm işlərdən, qazanılan uğurlardan söz açan məruzəçi  dövlət başçımızın  həyata keçirdiyi müasirləşmə siyasətinə dəniz nəqliyyatı sahəsində də böyük dəstək verildiyini bildirdi. Ötən müddətdə təşkilatın sıralarının xüsusilə yüksək bilik və bacarığa, müasir dünyagörüşə malik gənclərin hesabına genişləndiyini,  taleyini Gəmiçiliklə bağlayan bu gənclərin YAP-ın üzvü olduqlarını heç vaxt unutmadıqlarını qeyd etdi.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Risklərin idarəedilməsi şöbəsinin rəisi Fuad Hacıəliyev, mütəxəssis Mirkazım Babayev, Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Bayram Balakişiyev və başqaları məruzə ilə bağlı müzakirələrdə təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

İzafət Məmmədova yenidən etimad göstərildi və o,  yekdilliklə  Yeni Azərbaycan Partiyası Səbael rayonu “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının sədri seçildi.

Sonra 7 nəfərdən ibarət  idarə heyəti və YAP Səbael rayon təşkilatının XI konfransına nümayəndələr seçildi.

Yığıncaqda çıxış edən YAP Səbael rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev dinamik inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən YAP-ın əhəmiyyətli rolundan bəhs etdi və “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının yeni seçilən heyətinə gələcək fəaliyyətlərində  uğurlar arzuladı.