Gəmiçilikdə çalışan gənclərin ümidləri doğrultduqlarını müşahidə etmək çox sevindiricidir

533

Əziz gənclər!

2 fevral Gənclər Günüdür. İyirmi il əvvəl imzaladığı müvafiq Sərəncamla təsis edilən bu bayramı Ümummilli Liderimiz Heydər Əliyevin cəmiyyətdə gedən proseslərin önündə görmək istədiyi Azərbaycan gəncliyinə töhfəsi də saymaq olar.

Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənc nəslin hərtərəfli inkişafı və səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradıb. Bu imkanlardan bəhrələnən gənclər də borclu qalmır, onlara bəslənilən ümidləri layiqincə doğrultmağa çalışırlar. Dövlət başçısının sözləri ilə desək: ”Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir.”

Bütün ölkələr kimi, müstəqil Azərbaycan Respublikasının da gələcəyi gənclərdən asılı olcaq. Bu baxımdan bu gün ölkəmizdə gənclik adına görülən bütün işlər – gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, fərdi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsi, milli ruhda tərbiyə olunması… Azərbaycanın mənafeyinə xidmət edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivinin də böyük bir hissəsini yüksək vətəndaşlıq hisslərinə malik yeniyetmə və gənclər təşkil edir. Gəmiçiliyin rəhbərliyi də qarşıda duran çətin və şərəfli vəzifələrin həllində onların istedad və bacarığına, təşəbbüskarlığına arxalanır. Gənclərimizin ümidləri doğrultduqlarını müşahidə etmək isə çox sevindiricidir.
Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!

Rauf Vəliyev,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri