Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının işçi qrupunun növbəti iclası keçirilib

190
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Mətbuat xidmətinin məlumatı.
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının işçi qrupunun  növbəti iclası keçirilib. Azərbaycan, Gürcüstan,  Qazaxıstan , Ukrayna və Polşa Dəmir Yollarının, Bakı, Aktau və Batumi limanlarının  əlaqədar şəxslərinin   iştirak etdiyi toplantıya  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  nümayəndələri də qatılıb.

İclasda  Çin-Avropa istiqamətində  hərəkət edən konteynerlərə Transxəzər dəhlizi üzrə  rəqabətqabiliyyətli tariflərin müəyyənləşdirilməsi  bir daha nəzərdən keçirilib.   Bununla yanaşı,    Qazaxıstan kömürünün  Ukrayna istiqamətində daşınma imkanları müzakirə olunaraq  rəqabətqabiliyyətli tarif şərtləri müəyyən edilib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosasiyasının   illik daşımalar barədə hesabat formaları ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında  Gəmiçiliyin iştirakı ilə yaradılıb. 2016-cı ilin  oktyabrında  ona hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib. Assosiasiyanın fəaliyyəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna  tranzit yüklərinin cəlb edilməsinə, marşrut üzrə inteqrasiya edilmiş logistik məhsulların inkişafına istiqamətlənib.