Lapis-Lazuli marşrutu ilə ilk yüklər Azərbaycana gətirilib YENİLƏNİB

431

Lapis-Lazuli marşrut xətti ilə ilk yüklər Azərbaycana gətirilib.

AZƏRTAC xəbər verir ki, qarşılanma mərasimində Türkiyə və Əfqanıstanın Azərbaycandakı səfirləri, Gürcüstan və Türkmənistanın Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edib.

Əfqanıstandan Türkmənistana avtomobil yolu ilə, oradan isə Azərbaycana “Berkarar” gəmisi ilə yola salınan 9 tır dekabrın 25-də Bakı Limanına çatıb. Avtomobil kərvanı Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya yolunu davam etdirəcək.

Qarşılanma mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Lapis-Lazuli marşrutu Əfqanıstan və digər ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Bu dəhliz Əfqanıstanın iqtisadiyyatına mühüm töhfə verəcək və dünya bazarlarına çıxışını təmin edəcək.

“Türkiyə Əfqanıstanın yenidən gözəl günlərinə qayıtmasına böyük önəm verir. Əfqanıstanda Türkiyə və Azərbaycan əsgərləri xidmət edir. Hazırda Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan və Əfqanıstanın birlikdə reallaşdırdığı bu layihə də Əfqanıstanın yenidən dirçəlişi üçün bir təkandır”, – deyə səfir bildirib.

Daha sonra çıxış edən Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistana Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutunda iştiraklarına görə təşəkkür edib. O vurğulayıb ki, bu nəqliyyat marşrutu daha da inkişaf edəcək və bütün iştirakçı ölkələrin iqtisadi inkişafında rol oynayacaq.

Tədbirdə bildirilib ki, Lapis-Lazuli marşrutuna Hindistanın da qoşulması gözlənilir.

Qeyd edək ki, yüklər Əfqanıstandan dekabrın 13-də yola salınıb. Daşınan yüklərə əsasən pambıq, küncüd, quru meyvə və digər məhsullar daxildir.

Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır