Azərbaycan Xəzərdə “Şahdəniz”dən də böyük yeni qaz yatağını işə salmaq ərəfəsindədir…

627

“Bu o deməkdir ki, Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlər növbəti illərdə daha da artacaq və bu dayanıqlı olacaq”

İlham Şaban: “Yeni-yeni layihələr, ticari müqavilələrin və ölkələr arasında ticarət dövriyyəsinin artması deməkdir”

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda iri qaz yatağının (“Şahdəniz” qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər. Yayılan məlumata görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons “Bloomberg” agentliyinə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Məlumatda o da deyilir ki, BP-nin gözləntiləri özünü doğrultsa, şirkət ehtiyatları təxminən “Şahdəniz”in ehtiyatlarına bərabər olan yeni qaz yatağı kəşf edə bilər.

Regional prezidentin fikrincə, sözügedən kəşfiyyat proqramı onlar üçün çox vacibdir: “Braziliya ilə yanaşı, Azərbaycan da bizim üçün yaxın bir neçə ildə prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu kəşfiyyat proqramı bizim üçün çox vacibdir, çünki biz Xəzərdə böyük potensial görürük”.

Q.Consun sözlərinə görə, BP-nin bu il quyular qazmaq niyyətində olduğu “Şəfəq-Asiman” strukturunda qaz ehtiyatı “Şahdəniz-2” yatağının ehtiyatlarına bərabər ola bilər. O əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.

Görünən odur ki, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər davam edəcək. Sözügedən qaz yataqlarının kəşfi həm də o deməkdir ki, Azərbaycan digər hasilatçı ölkələr olmadan belə, “Cənub Qaz Dəhlizi” çərçivəsində uzun müddət Avropaya qaz ixrac edə bilər. Bütün bu deyilənlərlə yanaşı, adıçəkilən qaz yatağı ilə bağlı gözləntilər, ümumilikdə, Azərbaycanın neft-qaz sektoru üçün nə kimi perspektiv vəd edir?

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban buna bir neçə kontekstdən yanaşdı: “Qazılacaq quyularla bağlı gözləntilər özünü doğrultsa, o zaman qaz ehtiyatları daha da artacaq. Çünki “Şahdəniz”in qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur. Bu o deməkdir ki, sözügedən həcmdə qaz ehtiyatı aşkar oluna bilər. O həcmdə olmasa belə, ona yaxın həcmdə olsa, bu, Azərbaycanın qaz balansını artıracaq. Hazırda Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Üstünə 1 trilyon kubmetr gəldikdə bu, 3,6 trilyon kubmetr qaz ehtiyatı deməkdir. Təbii ki, sözügedən həcmlər Azərbaycanın imkanlarını artıracaq. Yəni satış imkanlarını həm daxildə, həm də regional və uzaq xarici bazarlarda kifayət qədər artıracaq. Digər tərəfdən, bu zaman həm potensial alıcılarla, həm də ölkələrlə münasibətlər yeni müstəviyə qədəm qoyur. Bu da yeni-yeni layihələr, ticari müqavilələrin və ölkələr arasında ticarət dövriyyəsinin artması deməkdir. Bu o deməkdir ki, Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlər növbəti illərdə daha da artacaq və bu dayanıqlı olacaq. Çünki nə qədər çox qaz yatağı kəşf olunursa, bu bir o qədər imkanların artmasına öz müsbət təsirini göstərir. Ona görə də bu yöndə görülən işlərə müsbət yanaşıram”.