Gürcüstanda regional əhəmiyyətli yeni dəniz limanı tikiləcək –Poti şəhərində

476

Gürcüstanın Poti şəhərində yeni dəniz limanı inşa olunacaq.

Bununla bağlı Tbilisidə PACE şirkətlər qrupu və ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyası (OPIC) arasında müqavilə imzalanıb.

Sənədə əsasən, terminalın tikintisinə 50 mln. dollarhəcmində investisiya ayrılacaq. Dəniz terminalı ilə yanaşı, akvatoriyanın da dərinliyi artırılacaq və bu da limanın yükqaldırma qabiliyyəti 50 min tona yaxın olan gəmilərin qəbulunu mümkün edəcək.

İmzalanma mərasimində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yeni terminal Potidə keçmiş Gəmi Tikintisi Zavodunun ərazisində yerləşəcək. İki mərhələdən ibarət olan layihənin ümumi dəyəri 120 mln. dollar təşkil edir. Birinci mərhələnin ümumi investisiya dəyəri 93 mln. dollardır. Bu məbləğin 50 mln. dollarını OPIC ayıracaq.

Mərasimdə çıxış edən M.Baxtadze müqavilənin imzalanmasını çox əhəmiyyətli hadisə adlandırıb: “Loqistika Gürcüstanın regionun iqtisadi mərkəzinə çevrilməsi prosesində xüsusi əhəmiyyətə malikdir. Bu, yeni liman və terminaldan ibarət müasir kompleks olacaq və həm ölkə, həm də region iqtisadiyyatına olduqca böyük dəyişikliklər gətirəcək. Yeni liman infrastrukturu Gürcüstanın Avropa və Asiya arasında nəqliyyat dəhlizinə çevrilməsi üçün irəliyə atılmış növbəti addımdır”.

Baş nazir OPIC tərəfindən layihəyə 50 mln. dollar ayrılmasını Gürcüstanın ABŞ-ın etibarlı və əhəmiyyətli tərəfdaşı olduğunu bir daha sübut etdiyini qeyd edib: “Biz dəfələrlə bəyan etmişik ki, Gürcüstan və ABŞ arasında münasibətlər heç zaman belə yüksək səviyyədə olmayıb. Mənim üçün ölkələr arasında münasibətlərdə iqtisadi istiqamətin daha da inkişaf etdirilməsi xüsusilə vacibdir”.