“The Economic Times”: Hindistan yükləri Azərbaycandan keçməklə Avropaya daşınacaq

363

Hindistan yükləri Azərbaycandan keçməklə Avropaya daşınacaq.

AZƏRTAC xəbər verir ki, “Rusiya Dəmir Yolları” ASC ilə Hindistanın Konteyner Korporasiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamilə formalaşmasına dəstək verəcək. Sənədə görə, korporasiya Hindistanın və bu ölkə üzərindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə ixrac əməliyyatı həyata keçirən ölkələrin yüklərini daşıyacaq. Beynəlxalq yükdaşıma sahəsində ixtisaslaşan korporasiya yükləri Mumbaidən İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına, buradan isə dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşıyacaq. Burada söhbət Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolundan gedir.

“The Economic Times” qəzeti yazır ki, İran ilə Rusiyanın dəmir yolları Azərbaycan vasitəsilə artıq birləşib. İran Astarası ilə Azərbaycanın Astarası arasında dəmir yolu körpüsü tikilib istifadəyə verilib. Bu yolun Rəşt-Astara hissəsinin tikinti işləri həyata keçirilir və gələn il istifadəyə verilməsi gözlənilir. İqtisadi sanksiyalara baxmayaraq, İran bu yolun tikintisini davam etdirir. Azərbaycan tərəfi də yolun inşasına 500 milyon dollar investisiya yatırıb.

Azərbaycan elə bir əlverişli coğrafi mövqeyə malikdir ki, buradan Gürcüstan vasitəsilə də Avropaya yükdaşımalar həyata keçirmək olar. Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Qərbi Avropaya daşınan yüklər Azərbaycan-Rusiya-Avropa marşrutu, Şərqi Avropa ölkələrinə isə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə daşına bilər. Göründüyü kimi Azərbaycan hər iki halda logistik mərkəz kimi çıxış edir və tranzit məkana çevrilir.

n© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır