İranın Çabahar limanında təqdimat keçirilib

401

“Şimal-Cənub” nəqliyyat dəhlizi tranzit gəlirlərlə yanaşı, qeyri-neft sektorunu da inkişaf etdirəcək

AZƏRTAC xəbər verir ki, təqdimatda iştirak edən İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami bu limanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə nəfəs verəcəyini deyib. Bildirib ki, Asiya ilə Avropanı nəqliyyat baxımdan birləşdirəcək bu liman tranzit yüklərin daşınması üçün də əhəmiyyətli rola malikdir.

Xatırladaq ki, ötən ilin dekabrında İranın Hind Okeanına çıxışı olan Əmman dənizi sahilindəki Çabahar limanının yeni terminalının açılışında iştirak edən Hindistanın Baş naziri Narendra Modi bildirib ki, onun ölkəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlıdır. Həmin səfər zamanı İran ilə Hindistan arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hindistan Çabahar limanının inkişafı üçün İrana 500 milyon dollar kredit ayırmağı öhdəsinə götürüb. Bu limanın Hindistan üçün əhəmiyyəti böyükdür. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində aparıcı rola malik olan Çabahar limanı Hindistanın Mumbai limanından gələn yüklərin Azərbaycan üzərindən Rusiya və Avropa istiqamətinə daşınmasını təmin edəcək.

Təqdimatda iştirak edən Hindistanın gömrük idarəsinin komissarı Sandip Kumar deyib ki, Hindistanda fəaliyyət göstərən böyük tekstil və dərman preparatları istehsal edən şirkətlər idarəyə müraciət edərək öz məhsullarını məhz İran və Azərbaycan üzərindən Rusiya və Avropaya ixrac etmək istəyirlər.

S.Kumarın sözlərinə görə, həmin şirkətlərin istəkləri əsasında dayanan amil ondan ibarətdir ki, əvvəlki marşrutla ixrac olunan mallar Avropa və Rusiya bazarlarına 35 günə çatdırılır. Lakin malların daşınması İran və Azərbaycan üzərindən həyata keçirildikdə isə bu müddət 17 gün təşkil edir. Bu isə nəqliyyat xərclərinin azalması deməkdir.

Göründüyü kimi Hindistanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq göstərməsi və İrana 500 milyon dollarlıq kredit ayırması təsadüfi xarakter daşımır. Aydın olur ki, Mumbai limanından çıxan gəmilər yükləri dünyanın yarısını dolandıraraq Süveyş kanalı vasitəsilə deyil, İran və Azərbaycan vasitəsilə Rusiya və Avropaya daşıyacaqlar. Hindistan öz idxal əməliyyatlarını da bu marşrutun əks istiqaməti ilə həyata keçirə bilər.

Artıq Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu istifadəyə verilib. Martın 9-da isə İranda Qəzvin-Rəşt dəmir yolu da istismara buraxılacaq. Rəşt-Astara dəmir yolunun inşası isə 2 il ərzində yekunlaşacaq. Azərbaycan bu yolun inşası üçün İrana 500 milyon dollar güzəştli kredit də verib. Beləliklə yaxın gələcəkdə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam hazır vəziyyətə gətiriləcək.

Qeyd etmək lazımdır ki, Hindistan ilə yanaşı, Sinqapur və Malayziyada “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq göstərirlər. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, İranın Çabahar və Bəndər-Abass limanları təkcə Hindistandan deyil, eləcə də Cənub-Şərqi Asiyanın digər ölkələrindən də yük gəmilərini qəbul edəcəklər. Bu yüklər isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə dünya bazarlarına çatdırılacaq. Bütün bu proseslərdə əhəmiyyətli rol oynayan Azərbaycan tranzit gəlirlərlə yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunu da inkişaf etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır