Norveç Hərbi Dəniz Qüvvələri (HDQ) ötən il noyabrın əvvəlində sərnişin gəmisi ilə toqquşan və qismən batan “Helge Ingstad” freqatını sudan çıxara bilib.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, HDQ-nin komandanlığı gəminin bərpa olunması və yenidən istismara verilməsi barədə qərar qəbul edib.
Uzun sürən hazırlıqlardan, bütün torpedalar və gəmi əleyhinə raketlər çıxarılandan sonra gəminin sudan qaldırılması əməliyyatı aparılıb. Əməliyyat dörd saat çəkib. Çəkisi 5 min ton olan gəmi kranların və üzən dokun köməyi ilə sudan çıxarılıb. “Helge Ingstad” Norveç HDQ-nin Hokonsverndəki bazasına gətirilib. Burada zədə və qırıqların miqyası mütəxəssislər tərəfindən qiymətləndirilməlidir.
Artıq məlum olub ki, Krallığın Hərbi Dəniz Qüvvələri gəminin polad detalları üçün sifariş yerləşdirib. Gəminin tam bərpası üçün görüləcək işlərin dəyəri hələlik məlum olmasa da, Norveç Müdafiə Nazirliyi bu məqsəd üçün 500 milyon kron (51 milyon avrodan çox) ayrıldığını açıqlayıb.
Xatırladaq ki, “Helge Ingstad” freqatı 2018-ci il noyabrın 8-də Hordalann rayonunda Styure terminalı yaxınlığında “TS Sola” tankeri ilə toqquşub. Toqquşmadan sonra idarəsi itirilən gəmi sahilə yaxın yerə istiqamət götürüb və qismən batıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır