“Şimal axını” və “Türk axını” çətinlikdə, Azərbaycan qazına yeni şans – Sloveniyanın sabiq prezidentinin maraqlı bəyanatı…

407

Avropanın enerji bazarında mövqelərini gücləndirməyə çalışan Rusiya üçün hazırda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri “Şimal axını-2” layihəsini reallaşdırmaq, “Türk axını” kəmərini  Yunanıstandan keçirməklə digər Qərb ölkələrinə kimi uzatmaqdır. Amma görünən budur ki, hər iki kəmərlə bağlı Kreml ciddi çətinliklərlə üzləşib. Əvvəla,  “Türk axını” ilə əlaqədar Avropa İttifaqı Rusiyaya hansısa zəmanət vermir. Elə bu səbəbdən kəmərin perspektivdə Türkiyədən Avropaya uzanması ciddi sual altına düşüb.

“Şimal axını-2” ilə bğalı da məsələ getdikcə qəlizləşir. Xüsusən də Danimarkanın ekoloji standartlarla bağlı mövqeyi Rusiya üçün ciddi problemlər yaradır. Elə “Moody”s” beynəlxalq reytinq agentliyi də bildirib ki, Danimarkanın ekoloji standartlarla bağlı tələbi “Şimal axını-2” layihəsinə ciddi əngəl ola bilər. Agentliyin Rusiya və MDB ölkələrinin neft-qaz sektoru üzrə aparıcı analitiki Denis Perevezentsevin sözlərinə görə, ötən həftə Danimarka Energetika Agentliyinin “Nord Stream 2 AG” şirkətindən Bornholm adasının cənubundakı iqtisadi zonada qaz kəmərinin ekologiyaya təsiri ilə bağlı hesabat istəməsi sözügedən layihənin vaxtında başa çatdırılması üçün ciddi maneə yaradacaq. Həmin zona adanın cənubunda və Danimarkanın ərazi sularında yerləşir.

Beləliklə, “Şimal axını-2” layihəsinə ikinci alternativ marşrut seçmək təklif edilib. Analitik reytinq şirkəti hesab edir ki, bu tələb “Qazprom” üçün mənfi amildir və qaz kəmərinin nəzərdə tutulan müddətdə istifadəyə verilməsini sual altında qoyur. Plana görə, “Şimal axını-2” boru xəttinin cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulurdu. Ekspert bildirib ki, yeni marşrutun seçilməsi bir neçə ay davam edə bilər. Bundan başqa, Danimarka sularında boru kəmərlərinin çəkilməsi də iki-üç ay vaxt aparacaq. D.Perevezentsev hesab edir ki, istifadəyə verilmə müddətinin gecikdirilməsi tranzit üzrə danışıqlarda “Qazprom”un mövqeyini zəiflədəcək: “Yeni tələblər təbii qazın Ukrayna ərazisindən tranziti öhdəliklərini illik 40-50 milyard kubmetr artıra bilər. Bu, əvvəllər nəzərdə tutulduğundan xeyli çoxdur. Nəticədə tranzit xərcləri “Şimal axını-2” marşrutu ilə planlaşdırılandan daha yüksək olacaq”.

Xatırladaq ki, Avropa Parlamenti də “Şimal axını-2”yə qarşı qətnamə qəbul edib. ABŞ isə birmənalı şəkildə bu layihəyə qarış çıxır. ABŞ-ın energetika naziri Rik Perri bildirir ki, Rusiyanın “Şimal axını-2” və “Türk axını” qaz boru kəmərləri zərərli təsirlərin vasitəsidir: “Rusiya tez-tez AB və ABŞ-a qarşı zərərli taktikalarından istifadə edərək birliyimizə zərər verir. Rusiya enerji bazarı üzərindəki təsirindən yararlanaraq siyasi hədəflərini gücləndirməyə davam edir. Qaz kəmərləri də bu taktikaya xidmət edir”.

Xatırladaq ki, “Şimal axını-2” illik 55 milyard kubmetr qazın nəqlini həyata keçirəcək boru kəmərinin Baltik dənizi ilə çəkilməsini nəzərdə tutur. Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi və ya müstəsna iqtisadi zonalarından keçməlidir. Adıçəkilən ölkələrdən yalnız Danimarka tikinti işlərinin aparılmasına icazə verməyib.

İndi yaranmış durumda ilin sonunda Avropaya qaz nəql etməyi planlaşdıran Azərbaycannın Qərb enerji bazarında mövqelərinin daha da möhkəmlənməsi gözlənilir. Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger də vurğulayır ki, Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirlər: “Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdəAvropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı “Cənub Qaz Dəhlizi“ layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək. Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək”.

Real vəziyyətdə Rusiyanın “Şimal axını-2” layihəsi ilə gözlənilməz dəyişikliklər fonunda Şərqi Avropa ölkələri Azərbaycanın “Cənub Qaz Dəhlizi”nə getdikcə daha çox maraq göstərirlər. Onu da qeyd edək ki, Azərbaycan Qədim Qitənin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq, çünki təkcə tədarükçü kimi yox, həm də ilk olaraq Türkmənistan qazının tranzit ölkəsi kimi çıxış edəcək. Perspektivdə bura İran qazının da daxil edilməsi gözlənilir. Sloveniyanın sabiq prezidenti Danilo Turk da vurğulayır ki,  “Cənub Qaz Dəhlizi” layihəsinə Avropada münasibət çox yüksəkdir: “TAP-TANAP və bütövlükdə “Cənub Qaz Dəhlizi” Avropa üçün çox mühümdür. Sloveniya Avropaya qazın çatdırılması üzrə bu layihəyə, marşrutun daha cənub istiqamətindən keçdiyi üçün qoşulmayıb. Onda Türkiyə, Yunanıstan, Albaniya və Cənubi İtaliya iştirak edir. Sloveniya isə İtaliyanın şimal hissəsinə daha yaxındır. Amma kim bilir, bəlkə gələcəkdə bu boru kəmərinin əhəmiyyəti artacaq. İndi onlar Sloveniyanın cənubundakı ölkələrdən keçir, lakin gələcəkdə bizim də onlara maraq göstərəcəyimiz istisna deyil. Biz Sloveniyanın şimalından və cənubundan hansı qaz kəmərlərinin keçdiyinə  biganə deyilik. Hazırda biz qazı Rusiyadan Avstriyadan tranzit keçməklə, eləcə də İtaliya vasitəsi ilə Əlcəzairdən alırıq. İndi isə cənub istiqamətindən Avropaya Azərbaycan qazı gələcək. Təbii ki, bu, Avropada qaz bazarının ümumi mənzərəsinə təsir edən yeni bir amil olacaq. Biz qaz tədarükünün şaxələndirilməsində maraqlıyıq və bu strateji kontekstdə “Cənub Qaz Dəhlizi”nin tətbiqi Sloveniya üçün vacibdir“.