ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ELMİ-TEXNİKİ KONFRANS ÖZ İŞİNƏ BAŞLAYIB

500

Aprelin 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasının akt zalında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilimiş Tələbə, magistrant və gənc tədqiqatçıların “Dəniz Nəqliyyatının İnkişaf Perspektivləri” adlı elmi-texniki konfransının açılış mərasimi keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov açıq elan etdi. Ulu öndərin gənclərə münasibətini və məhz Heydər Əliyevin Azərbaycanda Gənclər siyasətini yaratmasını xüsusi qeyd edən Zahid Şərifov bu siyasətin indi də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra Akademiyanın tələbəsi Famil Abbasov “Heydər Əliyev və Müstəqil Azərbaycan tarixi” mövzusunda geniş məruzə etdi. Məruzəçi Ümummilli Liderimizin ölkənin ən ağır günlərində daim Azərbaycan xalqının yanında olması, hazırda yaşadığımız müstəqil Azərbaycanın qurulması yolunda Heydər Əliyevin əvəzsiz xidmətlərindən ətraflı söz açdı.

ASCO sədrinin birinci müavininin müşaviri Sakit Məlikov gənclərə Gəmiçilik rəhbərliyinin salamlarını çatdırdı və uğurlar arzuladı.

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov da çıxışında Ulu öndərin elmə və təhsilə xüsusi önəm verməsini xatırlayaraq vurğuladı ki, Heydər Əliyev gənclərin yüksək səviyyədə biliklərə yiyələnməsi üçün Azərbaycanda təhsil sisteminin inkişafına qayğısını əsirgəməmişdir. Bugünkü elmi-texniki konfransın Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr edilməsi onun şəxsiyyətinə olan hörmət və ehtiramın təzahürüdür. V. Sadıqov bildirdi ki, konfransda 80-dən artıq məruzə dinləniləcək. Belə tədbirlərin tələbələrin elmi yaradıcılığa həvəsləndirilməsinə, onların dünya görünüşünün inkişaf etdirilməsinə və öz fikirlərinin sərbəst şəkildə ifadə etməsinə kömək olacağını dedi.

Daha sonra konfrans öz işini 6 bölmə üzrə davam etdirdi.