İyunda Bakıda Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçiriləcək

99

İyunun 11-13-də Bakı Ekspo Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2019” sərgisi keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmir yolu, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir. Hər il sərgidə bu sektora dair müəssisələrin yenilik və nailiyyətləri nümayiş olunur, sənayenin əsas nümayəndələri ilə mühüm görüşlər keçirilir, qarşılıqlı faydalı sazişlər imzalanır.

Bu il “TransCaspian/Translogistica” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər ən son məhsul və xidmətlərini təqdim edəcək. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat strukturları iştirak edəcək. Bu il sərgidə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi debüt edir.

İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edəcəklər. Bunlara dəmir yolu nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri daxildir. Sərgidə “Aztech&Tegeta Motors” şirkəti kommersiya nəqliyyatı üçün “Bridgestone” və “Shell” ticarət markalarının məhsullarını təqdim edəcək. “BelOMO” şirkəti isə builki sərgidə debüt edir. Bu il sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin açıq sahəsini də əhatə edəcək və burada şirkətlərin nəqliyyat sahəsindəki ən son yenilik və nailiyyətləri əyani şəkildə nümayiş olunacaq.

Builki sərgini əlavə tədbirlər proqramı müşayiət edir. Belə ki, təşkilatçılar bu proqram çərçivəsində “B2B” formatlı görüşlərin keçirilməsi üçün işgüzar platforma yaradıb, burada yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq, tərəfdaşlıq yollarını müzakirə etmək üçün görüşlər keçirə biləcəklər.

Həmçinin sərgi çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfransın təşkil edilməsi planlaşdırılır. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün əla fürsət olacaq.

Beləliklə, “TransCaspian 2019” sərgisi yeni qarşılıqlı faydalı və səmərəli əlaqələrin qurulması və genişləndirilməsi, perspektiv sazişlərin imzalanması və investisiya qoyuluşu, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün mükəmməl imkan yaradacaq. “TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” keçiriləcək.

Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni “http://www.transcaspian.az” rəsmi saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır