“Satti” özüqalxan üzən qazma qurğusu iyunun 6-da Azərbaycana gətirilməsi üçün yola salınacaq.
“Report”un məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransının ikinci günündə “KazMunayQaz”ın geologiya və kəşfiyyat üzrə idarə heyətinin sədr müavini Kurmanqazı İskaziyev deyib.
Onun sözlərinə görə, iyunun 10-da Bakı limanına çatdırılacaq və qurğunun quraşdırılmasına başlanılacaq.
Qeyd edək ki, “Satti” qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik “Caspian Drilling Company LTD.” şirkəti tərəfindən Bakıda elə ona məxsus “CDC Dəniz Təchizat və Logistika Bazası”nda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD.” qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.
Müqaviləyə əsasən, qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, SOCAR və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti arasında yanvarın 26-da Bakıda imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, “Caspian Drilling Company LTD.” MMC-nin baş direktoru Fərid Axundov və “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov tərəfindən fevralın 16-da Astanada “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.