“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan Resurslarının İdarəedilməsi Departamenti tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri üçün işə qəbul müsabiqəsinə hazırlıq barədə təqdimat keçirilib.
DenizXeber.az Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, İRİD-in gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova və işə qəbul üzrə aparıcı mütəxəssis Yeganə Nəsibova ASCO-da işə qəbul barədə tələbələrə ətraflı məlumat veriblər. Bldiriblər ki, ASCO-da kadr siyasəti uyğun əməkdaşın uyğun vaxtda uyğun vəzifəyə münasibliyi prinsipi ilə həyata keçirilir.
Təqdimat zamanı tələbələrə uğurlu CV doldurmağın yolları da öyrədilib. Qeyd olunub ki, işə qəbul üçün ən əsas mərhələlərdən biri CV mərhələsidir. Belə ki, CV işəgötürəndə sizin haqqınızda ilkin fikir yaradacaq vasitədir. Bu səbəbdən işə qəbul olmaq istəyirsinizsə, səliqəli və diqqətçəkən CV hazırlamaq və göndərmək vacib məsələlərdəndir.
Sonda ADDA tələbələri arasında nümunə olaraq “işə qəbul müsabiqə”si keçirilib.
Tələbələr təqdimatı böyük maraqla izləyib, mövzuyla bağlı fikirlərini bildirib, suallarını səsləndiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır