Xəzərin səviyyəsinin aşağı düşməsi təhlükəlidir?

411

Xəzər dənizində səviyyə dəyişmələri periodik olaraq baş verir.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur:

“Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb – çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir. Sonuncu dəfə, ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda  səviyyə bir metrdən çox aşağı düşüb”.

R.Səttarzadənin sözlərinə görə, bu sahəni tədqiq edən alimlər düşünür ki, Xəzər dənizinin artıb- azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil:

“Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək”.

Şöbə müdiri onu da əlavə edib ki, dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin  hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər:

“Hazırda Xəzər dənizinin səviyyəsinin son 10 ildə aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur”.