Dənizçilər ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

492

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər il iyunun 25-i Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı elan olunub.

Dövlət Dəniz Agentliyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri “Dənizçi Günü” peşə bayramını qeyd edirlər. Dənizçilər iyunun 25-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır