Azərbaycan üzərindən daha bir önəmli nəqliyyat dəhlizi işə salınır – Xəzərin tranzit imkanları Avropa və Mərkəzi Asiya ölkələrinin gündəmində…

652

Azərbaycanın artan tranzit əhəmiyyəti dünya miqyasında getdikcə daha çox diqqət cəlb etməkdə, bu istiqamətdə ölkəmilə işbirliyi artmaqdadır. Belə bir vaxtda kifayət qədər aktuallaşan məsələlərdən biri isə Xəzər dənizi-Qara dəniz marşrutunun inkişafı ilə bağlıdır. Hesab edilir ki, bu marşrutun reallaşması Azərbaycanın tranzit imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq.

Yeri gəlmişkən qeyd edək ki, indi Avropa strukturları da Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirak etdiyi Xəzər dənizi-Qara dəniz marşrutunun inkişafında maraqlıdır. Türkmənistan Sənaye və Kommunikasiya Nazirliyinin “Türkmənistan avtomobil nəqliyyatı” agentliyinin sədri Orazgəldi Suxanov bu marşlurtla region ölkələri arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb. Orazgəldi Suxanov Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə uğurla həyata keçirilmiş “Lapis Lazuli” multimodal nəqliyyat marşrutunu xatırladıb. O, həmçinin yeni nəqliyyat marşrutu – Xəzər dənizi-Qara dəniz layihəsinin reallaşması barədə məlumat verib. Yeni dəniz marşrutunun perspektivindən danışan Türkmənistan rəsmisi bu dəhlizin Avropa və Asiya ölkələri arasında əlaqələrin inkişafında əhəmiyyətini, onun bu yaxınlarda Avropa İttifaqının qəbul etdiyi Mərkəzi Asiya üçün Strategiyada rolunu qeyd edib.

Xatırladaq ki, bu günlərdə Buxarestdə keçirilən Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzrə ekspert işçi qrupunun dördtərəfli görüşündə nümayəndə heyətlərinin üzvləri marşrut boyu bu ölkələrdəki nəqliyyat infrastrukturu ilə bağlı, həmçinin onun genişləndirilməsi perspektivlərinə dair informasiya mübadiləsi aparıblar. Xəzər dənizi-Qara dəniz dəhlizinin fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək milli səviyyədə normativ-hüquq aktlarının hazırlanması və tətbiq edilməsi, “Şərq-Qərb” istiqamətində iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub. Məsələyə Rusiya da xüsusi maraq göstərir. Hətta Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov bildirib ki, Xəzər dənizindəki limanları inkişaf etdirdikdən sonra Xəzər dənizi ilə Qara dənizi modernləşdirilmiş dəmir yolu və avtomobil yolları ilə birləşdirmək lazımdır: “Belə alınır ki, yüklər Xəzər dənizindən birbaşa yollarla Qara dənizə, Novorossiysk, Krım və digər limanlara gedəcək. Bax, orada iqtisadiyyatın inkişafı üçün daha bir imkan yaranır. Təbii ki, bu, tranzit potensialıdır, amma eyni zamanda siyasi məqamdır. Ona görə də bu ideyanı həyata keçirmək üçün səylərimizə davam edəcəyik”. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tranzit potensialını aktiv şəkildə inkişaf etdirir və Xəzər dənizi və Qara dəniz vasitəsilə kommunikasiya axınları yaradır.

Ekspertlər bildirir ki, Azərbaycanın yaratdığı tranzit imkanları qarşıdakı dövr ərzində də regiona marağın artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və “Şərq-Qərb”, “Şimal-Cənub”, eləcə də “Cənub-Qərb” nəqliyyat dəhlizlərini ərsəyə gətirməklə regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan, 2017-ci ildə istismara verilən Bakı-Tiflis-Qars dəmir yolu da xüsusi əhəmiyyət kəsb  edir. Çünki o, təkcə iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirir. Bununla yanaşı, Azərbaycanın Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması Xəzər dənizi üzərindən tranzitin həyata keçrilməsinə böyük dəstək verir. Məhz bu fonda Xəzər dənizi-Qara dəniz marşrutunun ərsəyə gətrilməsi indi beynəlxalq miqyasda böyük diqqət cəlb edir.

Real vəziyyətin təhlii göstərir ki, hazırda Rumıniya özünün Konstansa limanının Xəzər və Qara dənizi birləşdirəcək nəqliyyat-tranzit dəhlizinin əsas və aparıcı halqalarından birinə çevrilməsi üçün bütün imkanlarını işə salıb. Konstansa limanı Türkmənistanın Türkmənbaşı limanından, eləcə də, Qazaxıstan və Özbəkistandan, digər Mərkəzi Asiya ölkələrindən Avropa bazarına göndəriləcək yüklərin əsas məntəqəsinə çevrilə bilər. Daşınma marşrutu xüsusi konteynerlərlə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya, oradan dəmir yolu vasitəsilə Batumi və yaxud Potiyə, buradan isə dənizlə Rumıniyaya göndərilməsini nəzərdə tutur. Xatırladaq ki, 2018-ci il mayın əvvəlində Türkmənbaşıda Türkiyənin “Gap İnşaat” şirkəti tərəfindən həyata keçirilən və dəyəri 1,5 milyard dollara başa gələn beynəlxalq multimodel dəniz limanı açılıb. Onun istismara verilməsi ilə Türkmənbaşıdan tarixi Böyük İpək yolu ilə Asiya və Sakit okean ölkələrindən, Rusiya, Azərbaycan və İran limanları vasitəsilə Avropaya yüklərin daşınması istiqamətində böyük imkanlar yaranır.

Özbəkistan da  bu nəqliyyat marşrutunun aktiv iştirakçılarından birinə çevrilə bilər. Ümumiyyətlə, Özbəkistan çoxdan bəridir ki, bu nəqliyyat dəhlizi ilə maraqlanır və Mərsin limanı vasitəsilə Yaxın Şərq, Şimali Afrika və Avropaya çıxış yollarını arayır. Özbəkistan prezidenti Şavkat Mirziyoyev də bildirib ki, ölkəsi özbək yüklərinin tikilməkdə olan infrastrukturlar və Xəzər dənizindəki limanlar vasitəsilə Avropaya və geriyə daşınmasında maraqlıdır. Analoji marağı taciklər də göstərir. Ekspertlərin qənaətincə, bütün Mərkəzi Asiya ölkələri Xəzər dənizi-Qara dəniz marşrutunda potensial maraqlı dövlətlər qismində çıxış edə bilərlər. Digər tərəfdən, bu layihədə Qara dəniz hövzəsi ölkələri, Rumıniya ilə yanaşı, Türkiyə, Ukrayna və Bolqarıstan da iştirak edə bilər. Hazırda bu istiqamətdə görülən işlər Azərbaycan üzərindən keçən daha bir vacib naqliyyat dəhlizinin işə salıncağını göstərir.