“TurkStream”in qazın qəbulu terminalının inşasının 87,3 faizi tamamlanıb

438

Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) inşası çərçivəsində Türkiyədə qazın qəbulu terminalının tikintisinin 87,3 faizi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkətinin idarə heyəti üzvü Oleq Aksyutin deyib.

Bildirib ki, boru kəmərinin Rusiya hissəsində işlərin 99 faizi görülüb. “TurkStream”in Qara dənizdən keçən hissəsində boruların döşənməsi də tamamlanıb.

Qeyd edək ki, “TurkStream”lə ilk təbii qazın nəqli bu il dekabrın 31-də planlaşdırılır.

“Gazprom” bu il layihəyə 102 milyard rubl ayırıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır