İran Böyük Britaniyanın neft tankerini girov saxlamaqla Avropaya meydan oxumağa çalışır.
Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranın Böyük Britaniyaya məxsus tankeri saxlamasına münasibət bildirərkən deyib. O bildirib ki, İranın bu addımı gərginliyi daha da artırmaqdadır:
“Bundan əvvəl də Cəbəllütariq boğazında İran tankeri Britaniya tərəfindən saxlanılmışdı və hələ də həmin tanker Britaniyanın əlindədir. İndi İran tərəfi Britaniya tankerini saxlamaqla “girovların dəyişməsi”nə nail olmaq istəyir. Bununla Tehran heç nəyə məhəl qoymadan dünyanın böyük güclərinə meydan oxuyur. Bu isə İrana müsbət heç nə verməyəcək, əksinə, vəziyyəti daha da gərginləşdirəcək”.
Politoloq bu vəziyyətdən daha çox ABŞ-ın yararlanacağını bildirib:
“Bu hadisə Vaşinqtonun maraqlarına xidmət edir. Hesab edirəm ki, bundan sonra İrana qarşı təkcə ABŞ deyil, Böyük Britaniya da sanksiyalara başlayacaq. Düşünürəm ki, sanksiyaların qısa zamanda başlaması üçün ABŞ əlindən gələni edəcək. Həmçinin, bu hadisədən sonra Hörmüz boğazının bağlanması məsələsi də gündəmə gələ bilər. Sözügedən boğazın bağlanmasına cəhd də ən çox ABŞ-ın maraqlarına xidmət edir”.
Q.Hüseynli Hörmüz boğazının bağlanması ilə İranın iqtisadi sonunun gələcəyini vurğulayıb:
“Vaşinqtonun böyük təyyarədaşıyan gəmisi Hind okeanının Hörmüz boğazına yaxın ərazisində üzür. Həmin gəmi boğaza daxil olsa, gəmini müşayiət edən gəmilər boğazın dar hissəsini blokadaya alacaq və heç bir gəmi boğaza daxil ola bilməyəcək. Bununla da həmin əraziyə nəzarət ABŞ-ın əlinə keçəcək. Bu da İranın Hindistana neft ixraını tamamilə dayanmasına səbəb ola bilər. Bütün bunlar isə İran iqtisadiyyatının məhvi deməkdir”.
Qeyd edək ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb.