Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb

321

Şimali Koreya göyərtəsində 17 dənizçinin olduğu Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.

“Report” xəbər verir ki, bunu “Şimal-Şərq” balıqçılıq şirkətinin direktor müavini Sergey Sedler deyib.

Onun sözlərinə görə, “Syanhaylin-8” gəmisi ilə bağlı hadisə iyulun 17-nə keçən gecə baş verib. Gəmidə 15 Rusiya və iki Cənubi Koreya vətəndaşı olub. Gəmi Yapon dənizinə xərçəng tutmaq üçün yollanıb. Konsul dənizçilərin yanına yalnız iyulun 23-də buraxılıb.

Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəsi bu barədə iyulun 18-də xəbər tutduqlarını bildirib.

“…diplomatlar hadisə baş verəndən vəziyyətin yoluna qoyulması üzərində işləyirlər”, – deyə o bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, onlar artıq heyət üzvləri ilə görüşüblər.