Hörmüz boğazından keçən Yaponiya gəmilərinin sığortası 10 dəfə artırılıb

69

Yaponiya Hörmüz boğazında vəziyyətin gərginləşməsi ilə əlaqədar neft məhsullarının daşınmasında müəyyən çətinliklərlə qarşılaşıb.

AZƏRTAC “Sankei” qəzetinə istinadla xəbər verir ki, Hörmüz boğazından keçən tankerlərin sığorta məbləği böhrana qədər olduğundan 10 dəfə artıb.

Nəşrin məlumatına görə, son aylarda sığortaçılar tarifləri 0,025 faizdən 0,25 faizədək qaldırıblar. Beləliklə, əgər boğazdan keçən tankerin dəyəri 10 milyard yen (təqribən 92 milyon dollar) təşkil edirsə, bu zaman onu sığorta etmiş şirkət əvvəllər olduğu kimi 23 min dollar deyil, 230 min dollar ödəməlidir.

Bundan əlavə, İrandan maksimum uzaqlaşdırılmaq üçün tankerlərin marşrutu dəyişdirilib. Yaponiya şirkətləri tərəfindən sığortalanan tankerlər, həmçinin Hörmüz boğazını maksimum sürətlə keçməlidirlər ki, bu da əlavə yanacaq sərfiyatına səbəb olur. Bu kanal neft məhsullarının Yaponiyaya daşınması üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Yaponiya xammalın 80 faizini İran körfəzi ölkələrindən alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır