Rusiya və İran Hind okeanında birgə hərbi-dəniz təlimləri keçirəcəklər

356

Rusiya və İran Hind okeanının şimalında ilin axırına kimi birgə hərbi-dəniz təlimləri keçirəcək.

“IRNA” agentliyi xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadi deyib.

Onun sözlərinə görə, təlimlərin koordinasiyası və planlaşdırılması məqsədi ilə yaxın zamanlarda tərəflər arasında görüş keçiriləcək.

H.Xanzadi həmçinin bildirib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

“Sənəd qarşılıqlı anlaşma haqqında ilk memorandumdur. Bu həm də Tehranla Moskvanın müdafiə sahəsində münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər”.

H.Xanzadi Rusiyaya üç günlük səfərə gəlib. O, Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə keçirilən tədbirlərdə iştirak edib.