Ərəb dünyası və Cənub-Şərqi Asiya nəhənglərinin diqqəti Azərbaycana yönəlir…

423

İqtisadi müstəvidə son illər daha mühüm nailiyyətlərə imza atmağa başlayan Azərbaycan qarşıdakı dövr ərzində Ərəb dünyası, eləcə də Asiya nəhəngləri ilə münasibətlərini daha da genişləndirməyi düşünür. Xatırladaq ki, xarici iqtisadi müstəvidə Azərbaycan münasibətlərini bu vaxta qədər daha çox Qərb dövlətləri, Rusiya və bir sıra digər MDB ölkələri ilə qurub. Amma indi ərəb ölkələri ilə iqtisadi əlaqələrin dinamik genişlənməsi baş verir və bu, əsas etibarilə, qeyri-neft sektorunu əhatə edir.

Asiya nəhəngləri ilə də əlaqələr durmadan genişlənir. Məsələn, Azərbaycan Çinlə “Bir kəmər bir yol“ kimi böyük bir transmilli layihənin həyata keçrilməsində aktiv əməkdaşlıq edir. Çin şirkətəlri ilə son dövrlər ərzində çoxsaylı müqavilə əldə olunub. Belə bir vaxtda Pakistan və Hindistan kimi böyük ölkələrin də Azərbaycana marağı artır. Xatırladaq ki, elə bu günlərdə ölkəmizə Pakistandan dövlət rəsmiləri və özəl sektoru təmsil edən 150-dən çox biznesmen gəlib. Onların sırasında olan Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının prezidenti Feyzi Məhəmməd bildirib ki, ölkəsinin iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurmaqda çox maraqlıdırlar: “Bakıya bizimlə Pakistanın müxtəlif sahələrə mənsub 150-dən çox sahibkar, rəsmi şəxslər gəlib. Burada bir sıra səmərəli görüşlər keçirərək regionumuzun potensialını nümayiş etdirməyi nəzərdə tuturuq. Əyalətimiz çox zəngindir, böyük neft və qaz yataqlarımız var. Bu vilayət bütün Pakistanın neft ehtiyacının 50%-ni təmin edir. Azərbaycanın isə neft-qaz yataqlarının işlənməsində çox böyük təcrübəsi var. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Bundan əlavə, Xayber Paxtunxva vilayətinin turizm sahəsində də böyük potensialı var ki, biz azərbaycanlı turistləri bu bölgəyə səfər etməyə çağıracağıq”.

Amma qeyri-neft sektoru da xüsusi diqqət mərkəzindədir. Məsələn, artıq bəllidir ki, Pakistan Azərbaycanda farmakologiya və tekstil sahələrində hər iki ölkədən olan biznesmenlərin birgə iştirakı ilə müəssisələr yaratmaq niyyətindədir. Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının vitse-prezidenti Zahid Şinvari, bu fonda, əyaləti təmsil edən biznesmenlərin Azərbaycanda farmakologiya, tekstil sahələrinə investisiya yatırmaq niyyətində maraqlı olduqlarını bildirib: “Biz görürük ki, Azərbaycan bir çox məhsulu Türkiyədən idxal edir. Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla da bölüşmək niyyətindəyik. Azərbaycanın rayonlarında pambıq yetişdirilir. Bu sahədə böyük potensial var. Biznesmenlər azərbaycanlı həmkarları ilə görüş zamanı bu imkanları da nəzərdən keçirəcəklər”.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd xatırladıb ki, Pakistanda əczaçılıq inkişaf etmiş sektordur: “Hazırda bu sahədə ölkədə 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan biznesmenlərlə bu sahədə müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Pakistanlı biznesmenlər Azərbaycan bazarı ilə yanaşı, öz dərman məhsullarını MDB ölkələrinin bazarlarına çıxarmağı da hədəfləyirlər”. Bütün bunlar isə qarışdakı dövr ərzində Azərbaycan və Pakistana kifayət qədər böyük üstünlüklər və daha dərin əməkdaşlıq vəd edir.

Xatırladaq ki, hərbi sahədə də əməkdaşlıq dinamik inkişaf edir. Artıq, bilindiyi kimi, Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almağa maraqlıdır. Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıq keçirilib. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləyiblər. Pakistan bəyan edir ki, təyyarənin satışında heç bir problem yoxdur. 

Pakistanla yanaşı, Hindistan üçün də Azərbaycan olduqca maraqlıdır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi fonunda, əslində, ölkələrimiz arasında yeni əməkdaşlıq qurulur. Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək və oradan da yüklər qatarla Rusiya və Şərqi Avropa ölkələrinə daşınacaq. “Şimal-Cənub”un mühüm hissəsini təşkil edən bu yol Hindistan üçün olduqca səmərəlidir. Bu isə o deməkdir ki, qarşıdakı dövr ərzində hind yüklərinin bir hissəsi Azərbaycandan keçərək Avropa bazarlarına çıxacaq. Amma əməkdaşlıq təkcə bununla məhdudlaşmır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirir ki, Azərbaycan və Hindistan üçüncü ölkələrin informasiya texnologiyaları bazarlarında iştirakla bağlı müzakirələr aparır. Y.Abdullayev qeyd edib ki, bu ilin yayında Hindistandan gələn ticarət missiyalarının iştirakı ilə biznes-forum təşkil edilib: “Biznes-forum çərçivəsində əldə edilmiş razılıqlara uyğun olaraq, informasiya texnologiyaları  sektorunda fəaliyyət göstərən iki Hindistan şirkəti Bakıda ofislərini açmaq istəyir”. Onun sözlərinə görə, Hindistanın dünyada informasiya texnologiyaları sahəsində ön sıralarda olduğunu nəzərə alaraq, Hindistanın Banqlador vilayətində fəaliyyət göstərən informasiya texnologiyaları  şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi müzakirə edilir: “Bununla yanaşı, AZPROMO-nun mütəxəssisləri ilə şirkətlərin nümayəndələri arasında görüşlər keçirilir və ortaq nöqtələr axtarılır ki, hansı sahələrdə biz üçüncü ölkələrin bazarlarında iştirak edə bilərik”. Belə vəziyyət o deməkdir ki, qarşıdakı müddət ərzində Azərbaycan və Hindistan əməkdaşlığı genişlənən xətt üzrə inkiaşf edəcək. İndiki məqamda bu, hər iki tərəf üçün sərfəlidir.