Böyük Britaniya sahilləri yaxınlığında rekord sayda miqrant saxlanılıb

350

Böyük Britaniya sərhəd qüvvələri ötən gün İngilis kanalını (La Manş boğazını) 6 qayıqla keçib bu ölkənin sahillərinə çıxmağa çalışan 86 nəfər miqrantı saxlayıb. Bu, rekord göstərici sayılır.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, İran, İraq, Türkiyə vətəndaşlarından ibarət iki qrup sahilə çıxaraq saxlanılıb. Bununla yanaşı, Əfqanıstan, Pakistan, Filippin, Vyetnam, Efiopiya vətəndaşları olduğu güman edilən şəxslər müxtəlif bölgələrdə sərhəd qüvvələri və Sahil Mühafizəsi tərəfindən yaxalanaraq sahilə çıxarılıb.

Bu il ölkəyə qanunsuz yolla 1256 əcnəbi vətəndaşın dəniz vasitəsilə gəldiyi bildirilir. O cümlədən yay ayları ərzində 542 miqrant gəlib. Halbuki ötən il ərzində İngilis kanalı üzərindən ölkəyə daxil olmağa çalışan əcnəbilərin ümumi sayı 297 olub.