BP Azərbaycanda tələbələr üçün yeni layihəyə başlayır

306

BP Azərbaycanda bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan (IV kurs) universitet tələbələri və məzunları üçün karyera inkişafına dəstək olmaq məqsədilə yeni mentorluq proqramına başlayıb.

“Report”un məlumatına görə, proqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir. Bütün mentorlar Bakıdakı müxtəlif universitetləri təmsil edən çox sayda tələbələrlə könüllü şəkildə işləyəcək BP mütəxəssisləridir.
Mentorluq proqramı əsasən ünsiyyət, təqdimat, tərcümeyi-halın hazırlanması, əlaqələrin qurulması və s. kimi tələb olunan işgüzar səriştənin inkişaf etməsinə yönəlib. Proqram mentorlar ilə aylıq fərdi görüşlərin keçirilməsi, habelə BP-nin Bakıdakı ofisində master- klassların təşkil olunması kimi altı aylıq fəaliyyətlərinə əsaslanacaq.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP Azərbaycanda universitet tələbələrinin inkişafına dəstək vermək üçün nəzərdə tutulan bu yeni təşəbbüsə başlayıb. O qeyd edib ki, bu proqram tələbələrin biznes mühitində tələb olunan bir sıra çox mühüm bacarıqlarını inkişaf etdirmələri üçün gözəl bir imkan olacağına inanır. Əminəm ki, BP-nin mentorları seçilmiş tələbələrin karyera qurmasına peşəkar dəstək verməklə onların öz inkişaf ehtiyaclarını başa düşmələrinə və iş həyatına hazırlaşmalarına yardım edəcəklər.
Hazırkı mərhələdə proqramın iki qrupdan ibarət olması planlaşdırılır. Tələbələrin birinci qrupu bu ilin noyabr ayında və ikinci qrupu isə gələn ilin yanvar ayında proqrama başlayacaq.

Proqramda Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Xəzər, Azərbaycan Fransız universitetlərini, həmçinin Bakı Ali Neft Məktəbində 119 tələbə və məzunlar iştirak edəcək.

Proqramın iştirakçıları kimya mühəndisliyi, mexanika mühəndisliyi, neft və qaz mühəndisliyi, inşaat mühəndisliyi, energetika, geoloji kəşfiyyat, geofizika, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, təkrar emal və resursların bərpası, ekologiya mühəndisliyi, informasiya texnologiyaları kimi sahələrdə ixtisaslaşırlar. Bütün iştirakçıların seçilməsi prosesi onlayn müraciət əsasında aparılıb və onlara video formatında proqrama nə üçün qoşulmaq istədiklərini izah etmək tapşırığı verilib.