Azərbaycanın logistika siyasəti Avrasiyada güclü dəyişdirici faktora çevrilir

563

Azərbaycanın yerləşdiyi ərazi bu gün Avropa və Asiyanı  birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan kimi indi bütün dünyanın diqqət mərkəzindədir. Bu fonda Azərbaycanın reallaşdırdığı bir sıra qlobal layihələr, o cümlədən “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, “Şimal-Cənub” dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada daha çox Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir.

Bunlarla bərabər, beynəlxalq logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası “Şərq-Qərb” dəhlizində də dünyada böyük maraq yaradır. Amma Azərbaycan təkcə belə dəhlizlərlə tranzit məkana çevrilməklə fəaliyyətini məhdudlaşdırmır. Real vəziyyət göstərir ki, həm öz ixrac imkanlarını artırmaq, həm də üzərindən keçən tranzit dəhlizlərinin işləklik səviyyəsini artırmaq üçün Azərbaycan qonşu ölkələrdə, ilk növbədə İran və Rusiyada öz sərmayəsi hesabına logistik mərkəzlərin yaradılmasına da xüsusi diqqət yetirir. Məsələn, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yüksək effektivlyini təmin etmək məqsədilə Azərbaycan İranın Astara şəhərində 4 terminalın inşasına start verib. Bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq. Bu isə “Şimal-Cənub”la daha çox yüklərin rahat şəkildə daşınmasına imkan verəcək.

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın İstehsal və Logistika Mərkəzinin fəaliyyət göstərməsi ixrac siyasətinin mühüm tərkib hissəsidir. Qeyd edək ki, bu, 25 faizi dövlətə məxsus olmaqla, Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir. Mərkəz Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Eləcə də Rusiya istiqamətində Azərbaycan müvafiq addımlar atır. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bütün bunların vacib əhəmiyyət kəsb etdiyini vurğulayır. O, bu vəziyyətin Azərbaycanla Rusiya regionları arasında əlaqələrə də müsbət təsir göstərdiyini vurğulayır: “Təbii ki, respublikanın onunla qonşuluqda yerləşən regionlarla əlaqələri daha sıxdır. Taxıl məhsullarının ən iri təchizatçısı olan Stavropol diyarında bu yaxınlarda Azərbaycan nümayəndə heyəti üçün biznes-görüş təşkil edilib. Tərəflər Azərbaycana Rusiya məhsulları, o cümlədən elit toxum ixracı barədə razılığa gəliblər. Azərbaycanda aqrar sahənin nümayəndələri üçün bu toxumlar yüksək məhsula zəmanət olacaq, rusiyalılar isə öz süfrələri üçün Azərbaycandan daha çox meyvə və tərəvəz alacaqlar. O vaxtkı İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiyaya meyvə-tərəvəz məhsulları satışını ikiqat artıraraq, bir milyon tona çatdıra bilər. Həştərxanda logistika hab yaradılması da aqrar sektorla bağlıdır. Azərbaycanın “KDY Logistics” şirkəti bu habın tikintisinə 2 milyard rubl sərmayə qoyub. İndi həmin şirkət müvəqqəti saxlama anbarından Rusiyaya və digər MDB ölkələrinə ildə 2,5 milyon ton meyvə və tərəvəz nəql etməyi planlaşdırır.

2021-ci ildə Yekaterinburqda iri logistika mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Nəticədə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi, demək olar ki, ikiqat artaraq 12 milyard rubla bərabər olacaq. Məsafə urallılar üçün maneə olmayıb: bu yaxınlarda həmin regionun nümayəndə heyəti Bakıda ən müxtəlif əməkdaşlıq istiqamətləri üzrə – şəhərsalmadan başlamış mədəniyyət və təhsil sahəsində mübadiləyə qədər 30-dan çox görüş keçirib”. Dmitri Savelyev qeyd edir ki, Azərbaycanın Rusiyanın müxtəlif yerlərində yaratdığı hablar, logistika mərkəzləri iqtisadi əlaqələri daha da dərinləşdirəcək.

Bu xüsusda daha bir məqam “Cənub-Qərb” dəhlizi ilə bağlıdır. Ümumiyyətlə, “Cənub-Qərb”  layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır. Artıq bu xüsusda müvafiq addımlar atılır və prosesdə ən yaxından iştirak edən ölkələrdən biri də Azərbaycandır. Onu da bildirək ki, hazırda logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Bu mənada, logistika imkanlarının genişləndirilməsi inkişafa xidmət etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq ticarətdə rolunun artmasına da gətirib çıxarır. Logistika imkanlarının genişləndirilməsi hazırda  ölkənin iqtisadi imkanlarının artırılması baxımından qarşıya qoyulan mühüm vəzifələrdən biri sayılır. Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də bu amillə sıx bağlıdır. Azərbaycanın xarici ticarətinin strukturunda isə kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistika mərkəzlərinin yaradılması, xüsusən də Rusiya istiqamətində bunların edilməsi artıq öz müsbət nəticələrini verir. Belə mərkəzlər və nəqliyyat dəhlizləri imkan verir ki, yerli sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi mühüm önəm daşıyır. Bu fonda ölkənin özündə də belə mərkəzlərin yaradılması xüsusi diqqət mərkəzində yer alır. Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin fəaliyyətə başlaması da bunun parlaq ifadəsidir. Xatırladaq ki, tarixi İpək yolunun üzərində yerləşən bu mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı reallaşır.

Bütün bunlar aydın göstərir ki, Azərbaycanın nəhəng nəqliyyat layihələrinin reallaşdırılması üçün fəaliyyəti genişmiqyaslı xarakterə malikdir. Bu həm də ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılmasında da mühüm rol oynayır.