Yaponiya da Çinə baxıb üzünü Azərbaycana tutdu…

322

Məlum olduğu kimi, bu günlərdə Çinin Sian şəhərindən yola düşən “China Railway Express” yük qatarı Azərbaycandan keçərək Avropaya çatıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bununla bağlı bildirib ki, Çindən Avropaya və əks istiqamətə qatarların hərəkəti dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli təkan olacaq.

O vurğulayıb ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında 21 trilyon dollarlıq ticarət həcminin olması bu marşrutun əhəmiyyətini daha da artırır. Cahit Turhan əlavə edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səyləri ilə uğurla həyata keçirilən Bakı-Tiflis-Qars layihəsi polad relslər üzərində yükdaşımalarda yeni mərhələnin başlanğıcı olub:“Təqribən 5 milyard insanın və 60 ölkənin istifadə edəcəyi İpək Dəmir Yolu Xətti qlobal ticarət əlaqələri üçün yeni və çox mühüm alternativə çevrildi”.

Bu vəziyyətdə diqqət çəkən məqamlardan biri budur ki, dünyanın ən böyük iqtisadiyyatna malik ölkələrdən biri olan Yaponiya da Çindən sonra öz məhsullarını Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağa başlayıb. Artıq Yaponiyanın Mie prefekturası ilə “HIS Co. Ltd” şirkəti arasında yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məqsədilə strateji əməkdaşlıq müqaviləsi də imzalanıb. Müqavilənin məqsədi Mie prefekturasında istehsal edilən ərzaq məhsullarının Azərbaycanın kommersiya və logistik imkanlarından istifadə edərək beynəlxalq bazarlara çıxarılmasıdır. Layihə prefekturanın iqtisadi həyatının canlandırılması üçün mühüm əhəmiyyətə malikdir. Müvafiq layihənin reallaşmasında Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi, “HIS Co, Ltd” şirkəti və Yaponiya Xarici Ticarət Təşkilatı yaxından iştirak edəcək. Həmin məhsulların dünya bazarlarına çıxarılması üçün əsas mərkəz kimi Azərbaycanın seçilməsi isə, ilk növbədə, ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika və kommersiya strukturlarına malik olmasıdır. Yaponiyada hesab olunur ki, Azərbaycanın tranzit mərkəz kimi formalaşması məqsədilə ölkə rəhbərliyinin həyata keçirdiyi infrastruktur layihələri həm şimal-cənub, həm şərq-qərb, həm də şimal-qərb istiqamətlərində əmtəələrin daşınması üçün çox əlverişli imkan yaradıb. Azərbaycanda müvafiq strukturlarını yaradan “HIS Co.Ltd” şirkəti bu imkanlardan faydalanaraq, öz keyfiyyəti ilə seçilən yapon ərzaq məhsullarını Azərbaycan vasitəsilə həm MDB, həm Avropa, həm də Yaxın Şərq bazarlarına çıxarmağı planlaşdırır. Layihə çərçivəsində ilkin olaraq Mie prefekturasında yetişdirilən “Maça” və digər yaşıl çay növlərinin Azərbaycana ixracı nəzərdə tutulur. Əldə edilmiş razılaşmaya əsasən, Azərbaycanın “Herba Flora” şirkəti həmin məhsulları qablaşdıraraq yaşıl çay paketləri, “Şirin” qənnadı fabriki isə müxtəlif şirniyyatlar şəklində “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına ixracını təmin edəcək. Bu, yapon ərzaq məhsullarının dünya bazarlarına ixracını artırmaqla yanaşı, həm də Yaponiya və Azərbaycan şirkətləri üçün faydalı olacaq. “HIS Co. Ltd” şirkətinin prezidenti Hideo Savada qeyd edir: “Avropa ilə Asiya arasında mühüm nöqtədə yerləşən Azərbaycan həm Avropa, həm Yaxın Şərq, həm də Mərkəzi Asiya ölkələri ilə sıx nəqliyyat əlaqələrinə malikdir və bu, yapon ərzaq məhsullarının həmin bazarlara çıxarılmasına böyük təsir göstərə bilər. Biz gələcəkdə yalnız “Maça” və digər yaşıl çay növlərini deyil, həmçinin müxtəlif növ meyvələri də bu yolla dünya bazarlarına çıxarmağı planlaşdırırıq. Bu layihə yapon ərzaq məhsullarını daha da məşhurlaşdıracaq”.

Beləliklə, Yaponiya, Çin kimi böyük iqtisadiyyata malik ölkələrin məhsullarını Azərbaycan üzərindən dünya bazarlarına çıxarması ölkəmizin tranzit imkanlarına dünya miqyasında diqqətin əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. Ekspertlər də bildirir ki, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Eyni zamanda  bu, ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. Paralel olaraq ölkəmizdə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limaenı, Abşeron Logistika Mərkəzi kimi layihələr artıq həyata keçirilib, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir. Rusiyalı ekspert  Stanislav Pritçinin fikrincə də, Azərbaycan nəqliyyat dəhlizlərinin, o cümlədən “Şimal-Cənub” layihəsinin reallaşdırılmasında mühüm rola malikdir: “Bir məqamı qeyd etmək vacibdir ki, Azərbaycan Rusiya ilə İran arasında əlaqələndirici halqa olub vacib tranzit rolu oynadığı üçün “Şimal-Cənub” layihəsinin reallaşdırılmasında mühüm rola malikdir. Ölkə hazırda iqtisadiyyatın diversifikasiyası çərçivəsində bütövlükdə nəqliyyat, ilk növbədə isə, tranzit marşrutlarının inkişafına əhəmiyyətli maliyyə vəsaitləri yönəldir. Bu isə, öz növbəsində, ölkənin mövcud tranzit imkanlarını realizə etməyə imkan verir. O təkcə öz nəqliyyat infrastrukturunu inkişaf etdirmir, Azərbaycan həm də Bakı-Tiflis-Qars, “Şimal-Cənub”  kimi meqa layihələrin inkişafına dəstək verir. Respublika bunu, sadəcə, öz ərazisinə düşən hissələrin aktiv tikintisi ilə deyil, digər ölkələrdə olan və onu əsas marşrutlar və nəqliyyat axınları ilə bağlayan infrastrukturun inkişafına maliyyə və mühəndis dəstəyi göstərməklə edir.

Layihənin Azərbaycan üçün siyasi dividendləri qonşularla əməkdaşlıq münasibətlərində əlavə gündəliyin mövcüdluğundan ibarətdir. İqtisadi baxımdan isə tranzit gücləri yeni iş yerləri və mənfəətin formalaşması üçün uzunmüddətli imkanların yaradılması deməkdir. Biz artıq görürük ki, Azərbaycanın Xəzər bölgəsi də tədricən vacib nəqliyyat və logistika habına çevrilir. Belə ki, Çinin “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Orta Asiyada formalaşan layihələr bu və ya digər şəkildə Xəzər dəniz marşrutu ilə uzlaşaraq sonradan Azərbaycan ərazisində Bakı-Tiflis-Qars infrastrukturuna bağlanır. Buna görə də bu gün üçün Azərbaycan ”Şərq-Qərb” istiqaməti üzrə artıq bu sistemə inteqrasiya etməyə müvəffəq olub. Şimal-Cənub layihəsi üzrə işlər bitdikdə isə Azərbaycan artıq tam şəkildə nəqliyyat habı olacaq”.

Bütün bunlar isə Azərbaycanın yükdışmalardan qarşıdakı dövr ərzində daha böyük gəlir əldə etməsini də şərtləndirən başlıca faktorlardan biri sayılır.