Danimarka Körfəz regionuna freqat və əsgər göndərəcək

97

Danimarka Körfəz regionuna Krallığın Hərbi-Dəniz Qüvvələrinin freqatını və zabitlərini göndərir.

AZƏRTAC Danimarka hökuməti Katibliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, Krallığın Avropa ölkələrinin Körfəz regionunda apardığı müşahidə missiyasına töhfə vermək məqsədilə ölkənin Xarici Siyasət Komitəsi ilə məsləhətləşmələr aparılıb.

Məsləhətləşmələrin yekununda qərara alınıb ki, 2020-ci ilin əvvəlindən Danimarka regiona zabitlər göndərərək, həmin ilin payızında isə Hərbi-Dəniz Qüvvələrinin freqatını yollayaraq missiyada iştirak edəcək. Bu qərar parlament tərəfindən təsdiq edilməlidir.

Danimarkanın Xarici İşlər naziri Yeppe Kofodun sözlərinə görə, dünyanın beşinci dəniz dövləti olan Danimarka dənizdə, o cümlədən Körfəz regionunda gəmilərin hərəkətinin təhlükəsizliyi və gəmiçiliyin sərbəst olmasında maraqlıdır və bu məsələdə məsuliyyət daşıyır. Bu səbəbdən Krallığın hökuməti regionda gərginliyin azaldılmasına səy göstərməkdə davam edəcək. Nazir əlavə edib ki, Danimarkanın səyləri ABŞ-ın rəhbərliyi ilə dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi prosesini tamamlayacaq. Onun sözlərinə görə, eyni zamanda, dənizdə təhlükəsizliyin möhkəmlənməsi üzrə regional dialoq sahəsində diplomatik səylər də davam etdiriləcək.

Krallığın Müdafiə naziri Trine Bramsen isə bəyan edib ki, bir dəniz dövləti olan Danimarkanın öz donanması ilə inandığı prinsipləri müdafiə etməsi çox vacibdir. O qeyd edib ki, müttəfiqlərin bu məsələdə bir tərəfdaş kimi Krallığa müraciət etməsi ilə fəxr edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır