Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinə yeni vacib elementlər daxil edir

400

Azərbaycan üzərindən yükdaşımaların həcminin sürətlə artması yaxın tezlikdə ölkənin bu sahədən daha böyük həcmdə vəsait əldə etməsi ilə müşayiət olunacaq. Eyni zamanda görünən budur ki, Azərbaycanın qeyd edilən istiqamətdə əldə etdiyi uğurlar onunla yeni nəqyliyyat əlaqələrinin qurulmasını istəyən dövlətlərin də sayını sürətlə artırır. Bu xüsusda qonşu İranın mövqeyi indi xüsusi diqqət cəlb edir.

İranın Beynəlxalq Yol və Nəqliyyat Təşkilatının baş direktoru Mənuçöhr Salmanzadə bildirir ki, ölkəsi ilə Azərbaycan arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. O vurğulayır ki, hər iki dövlətin müvafiq strukturları arasında tranzit yüklər üçün rüsumların müəyyənləşməsi və gömrük-keçid prosedurlarının asanlaşdırılması istiqamətində razılıq əldə olunub. Bu razılaşma ticarət dövriyyəsinin artmasına, iş adamlarının qarşılıqlı investisiya yatırmasına böyük imkanlar yaradıb. Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycanı Körfəz ölkələri, İranı isə Rusiya və Avropa ilə birləşdirəcək. Məhz belə bir vaxtda artıq o da məlumdur ki, İran Xəzər dənizini dəmiryolu vasitəsilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır. İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolları Şirkətinin icraçı direktoru Səid Rəsuli bildirib ki, bu dəmir yolu Fars körfəzindən başlayır və “Şimal-Cənub“ dəhlizi çərçivəsində Azərbaycana birləşəcək.

Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmir yolunda inşa olunmayan hissə Rəşt-Astara dəmir yoludur: “Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmir yolu inşa ediləcək”. Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir. Rəsuli deyib ki, dəmir yolunun inşa olunacağı ərazinin bir hissəsinin mülkiyyəti ilə bağlı işlər yekunlaşıb və layihəyə yaxın vaxtlarda başlanacaq: “Bu istiqamətdə olan terminalın bir hissəsindən istifadə edilir və bir ölkənin investisiyası ilə terminal inkişaf etdirilməkdədir”. Şirkət rəsmisi vurğulayıb ki, Rəşt-Astara dəmir yolunun iki il ərzində istismara verilməsi qərara alınıb. Bütün bunlar o deməkdir ki, Azərbaycan dəmir yolu vasitəsilə Fars körfəzinə çıxış əldə edə biləcək. Təbii ki, bu şəraitdə Azərbaycan üzərindən Fars körfəzinə çıxmaq istəyən ölkələr də olacaq. Məsələn, Rusiyanı buna misal kimi göstərmək olar.

Onu da xatırladaq ki, Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Azərbaycanın reallaşdırdığı layihələr Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da gücdənməsinə yeni təkan verir. Araşdırmalar göstərir ki, Azərbaycanın tranzit imkanlarından istifadə etməklə ən böyük ixracatçılardan biri olan Almaniya belə öz  məhsullarının Çinə ixracını asanlıqla həyata keçirə bilər. Həmin marşrut  bu gün yükdaşımaların ən surətli və keyfiyyətli təşkili yollarından biridir. Artıq Almaniyanın yükdaşımalar sahəsində Azərbaycanın tranzit imkanlarından istifadə ilə bağlı prosesə maraq göstərdiyi də məlumdur. Digər tərəfdən, ölkənin tranzit imkanları təkcə “Şimal-Cənub” dəhlizi ilə deyil, həm də “Şərq-Qərb” dəhlizi ilə yüklərin daşınmasına imkan verir. Buna görə Avropa Azərbaycanın tranzit imkanlarının istifadəsində maraqlıdır. Azərbaycan TRASEKA-nın proqramı çərçivəsində yüklərin surətli və sadə qeydiyyatla daşınmasını təmin edəcək rəqəmsal texnologiyalardan istifadənin təşəbbüskarı kimi də çıxış edir. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, avtomobil və dəmir yolu infrastrukturunun tikintisi və müasirləşməsi Azərbaycanı regionun tranzit qovşaqlarından birinə çevirir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu fonda artıq ölkə üzərindən daşınan yüklərin miqdarının əhəmiyyətli dərəcədə artdığını bildirir. QSC sədrinin sözlərinə görə, ümumilikdə yükdaşıma sahəsində 2018–ci illə müqayisədə 9,1 faiz artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında əvvəlki illə müqayisədə 39,2 faiz artım müşahidə edilib. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7 faiz olub.

Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan C.Qurbanov Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42 faizə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 faiz artıb.