“LUKoil”un Azərbaycanda yeni fəallaşmasının maraqlı kommersiya tərəfləri…

63

Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun rəhbəri olduğu “LUKoil” şirkəti son dövrlərdə həm ölkəmizə, həm də ümumilikdə Xəzərə xüsusi diqqət yetirməyə başlayıb. Artıq bunların nəticəsi olaraq, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “LUKoil” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. “Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. Bu yataqların birgə işlənməsi, xüsusən də “LUKoil”un bura sərmayə yatırması hər iki tərəf üçün sərfəli sayılır. İqtisadçı Rəşad Həsənov da qeyd edir ki, son zamanlar dünya birjalarında neftin qiymətinin artması “LUKoil” şirkəti üçün də investisiya imkanları yaradıb. Bu baxımdan “LUKoil” şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirməsi müəyyən mənada neft sektorunda canlanmaya səbəb ola bilər. Onun sözlərinə görə, “LUKoil” kifayət qədər tanınan və öz sözünü demiş bir neft şirkətidir: “LUKoil” neft şirkəti Azərbaycanla yaxından maraqlanan və məlumatı olan, əlaqələrə malik bir şirkətdir. Onu da qeyd edim ki, Azərbaycanda son zamanlar neft hasilatı azalmaqdadır və azalan neftin kompensasiyası üçün nisbətən daha dərinlikdəki yataqlardan neftin çıxarılmasına ehtiyac var. “LUKoil” şirkətinin digər bir önəmli cəhəti də təsisçisinin Azərbaycan əsilli olmasıdır. Düşünürəm ki, bu baxımdan “LUKoil”un fəaliyyətini genişləndirməsi ölkəmiz üçün uğurlu olacaq. Ümumiyyətlə, hökumətin gələcəyə yönəlik planı ondan ibarətdir ki, Xəzərin mövcud potensialından maksimum dərəcədə istifadə olunsun”. “LUKoil”un Azərbaycana yatıracağı yeni sərmayələr isə Davosda prezident İlham Əliyevlə Vahid Ələkbərov arasında əldə olunan razılığın nəticəsidir.  

Digər tərəfdən Rusiya ilə Belarus arasında yaranan neft ziddiyyəti fonunda “LUKoil”un da müəyyən zərərə düşməsi müşahidə olunur. Şirkət bu zərəri məhz Azərbaycanla işbirliyi hesabına aradan qaldıra bilər. Elə bu da “LUKoil”un Azərbaycana marağını artırır. Vahid Ələkbərov özü məsələ ilə bağlı bildirir ki, “LUKoil” neft sahəsindəki vergi manevrləri ucbatından Belarusun yaranan itkilərini hansısa formada kompensasiya etmək fikrində deyil: “Biz kommersiya şərtləri ilə işləyirik. Vergi manevri Rusiya Federasiyasının neft şirkətlərinin təşəbbüsü deyil. Biz Belarus kimi qurbanıq. Ona görə də biz bu itkiləri kompensasiya etməyə hazırlaşmırıq. Bu, hökumətlərarası münasibətlərdir”. Bunun əvəzində isə “LUKoil” Xəzərdə fəaliyyətini genişləndirir. Artıq o da sirr deyil ki, şirkət Xəzərdə fəaliyyətini daha çox Azərbaycan və Qazaxıstanla  qurur. O da məlumdur ki, yuxarıda adları çəkilən müqavilələrlə yanaşı, “LUKoil” Azərbaycan və Qazaxıstan şelflərində yeni geoloji-kəşfiyyat bloklarını da öyrənir. Vahid Ələkbərov özü bu xüsusda bildirib: “Biz Azərbaycanda yeni geoloji-kəşfiyyat bloklarını nəzərdən keçiririk, onların üzərində SOCAR-la birlikdə çalışırıq. Biz Xəzər dənizi ərazisində inkişaf etməkdə maraqlıyıq. Qazaxıstanla danışıqlar aparırıq. “Jenis” bloku üzrə sənədlər imzalanıb, birgə müəssisənin yaradılmasına dair sənədlər hazırlanır. Qazaxıstan şelfində daha bir sıra bloklar hazırlanır. Biz Xəzəri  anlayırıq və əldə etdiyimiz təcrübəni nəinki Ruisiya, həm də Azərbaycan və Qazaxıstanda tətbiq etmək istərdik”.

“Neft“ Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, “Naxçıvan” perspektiv strukturu, dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat işlərinin “LUKoil” ilə birgə həyata keçirilməsi önəmlidir: “Çünki bu sırf kommersiya layihəsidir. İndi Azərbaycanda Qərb neft şirkətlərindən tutmuş, İran neft şirkətinə qədər qurumlar çalışır. İndiyə kimi hər hansı ölkənin təsiri hiss edilməyib, sadəcə, pul qoyub, pul götürürlər. “Qoşadaş“ neft yatağı bundan öncə “Rosneft“ şirkətinə də təklif olunmuşdu. Bir ilə yaxın tədqiqat apardıqdan sonra fikirlərindən vaz keçdilər. Ümumiyyətlə isə, “Qoşadaş“ mürəkkəb xarakterli yataqdır. İndi “LUKoil“un ona maraq göstərməsi müsbət haldır. “LUKoil“un dənizdə neft təcrübəsi var. Xəzərin Rusiya hissəsində “LUKoil“ 7 milyon tondan artıq neft hasil edib. 2015-ci ildən etibarən bir hissəsini də Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə nəql edir“. İ.Şabana görə, “Naxçıvan“  yatağının adının çəkilməsi də çox maraqlıdır. O əlavə edib ki, bu, Xəzərin dərinsulu hissəsindədir. Ekspert  vurğulayır ki, 2000-ci illərin əvvəlində orada kəşfiyyat işi aparılıb: “Amma kommersiya ehtiyatları tapılmamışdı. Təqribən 20 ildən sonra bu yataqda nəsə tapılsa, ölkə üçün böyük töhfə olar“.

Tahir TAĞIYEV