Gürcüstanda dərin özüllü Anaklia limanının tikintisi ilə bağlı yaxın vaxtlarda yeni tender elan olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf naziri Natia Turnava söyəyib.
Nazirin sözlərinə görə, orta dəhlizin rəqabət qabiliyyətliliyi və logistika siyasətinin səmərəliliyin artırılması baxımından Anaklia limanının inşası Gürcüstan hökuməti üçün prioritet olaraq qalır.
O bildirib ki, limanın inşası ilə bağlı Regional İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən yaxın vaxtlarda yeni tender elan ediləcək. Nazirlik yeni tender üçün hazırlıq işləri görür.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tenderin onların himayəsi altında keçirilməsini istəyir və layihənin hazırlanmasında iştirak etmək niyyətindədir.
Ölkədə dərin özüllü Anaklia limanına ehtiyac olmaması barədə fikirlərə münasibət bildirən nazir deyib: “Anaklia İnkişaf Konsorsiumunun Gürcüstanın birdən artıq dərin dəniz limanına ehtiyac duymaması ilə bağlı fikirlərini eşitmişəm. Ümumilikdə bu bəyanat mənə inandırıcı gəlmir və konsorsium özü heç öz öhdəliklərini yerinə yetirə bilmədi. Ona görə də bu məsələlər biznes tərəfindən müəyyənləşdirilir və biz təqdim ediləcək layihələri gözləyirik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır