Bakı Dəniz Limanı ilə Genuya limanı saziş imzaladı – Azərbaycanın İtaliya ilə yeni strategiyası hərəkətə başladı

486

Azərbaycanın artan logistika imkanları Avropada getdikcə daha çox diqqət cəlb etməkdədir. Elə bu səbəbdəndir ki, qeyd edilən istiqamətdə Azərbaycanla əməkdaşlıq edən Avropa dövlət və şirkətlərinin sayı getdikcə artır.

Xüsusən də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasından sonra bu hal özünü daha qabarıq şəkildə büruzə verir. Artıq Azərbaycanla sözügedən sahədə əməkdaşlığa hazırlaşan Avropa ölkələri sırasına İtaliya da qoşulur. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə Anlaşma Memorandumu imzalayıb.

Məlumata görə, imzalanma mərasimi Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində baş tutub. İmzalanan sənədlərə əsasən, limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə bəhrələnəcək, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər. Onu da bildirək ki, İtaliyanın ən böyük limanı sayılan Trieste limanı Çin, Uzaq Şərq, Sinqapur və Malayziya kimi ölkələr üçün Avropanın giriş qapısı sayılır. Hər ay buradan 400 qatarla Almaniya, Avstriya, Çexiya, Macarıstan və İsveçrəyə yüklər daşınır. Trieste limanının illik yük dövriyyəsi 70 milyon tona yaxındır.

Həmçinin, Qenuya limanı da İtaliyanın ən qədim limanlarından biridir və Avropa ilə Çin arasında ticarət əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Keçən il liman 3 milyon konteyner ötürüb və 5 milyona yaxın sərnişinə xidmət göstərib. İtaliyaya qədər isə artıq bir sıra Avropa ölkələri Azərbaycanla müvafiq sazişlər imzalayıb. Məsələn, bir müddət əvvəl Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalayıb. Sazişə əsasən, tərəflər Avropada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təşviq edəcək və Avropadakı mövcud yük şəbəkələri, eyni zamanda logistika mərkəzləri arasındakı əlaqələri gücləndirəcəklər. Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri Andreas Reyhard bildirib ki, imzalanan saziş “ÖBB Rail Cargo Group”un Orta Asiya və Çinə doğru genişlənməsinin yeni bir strateji təşəbbüsüdür:“Bakı Limanı isə bu təşəbbüsün inkişafında əsas rol oynayacaq. Qısa zaman kəsiyində sözügedən marşrutun yüklərin daşınması vaxtı və həcmi baxımından çox səmərəli olacağını gözləyirik”. Qeyd edək  ki, Avstriyanın “ÖBB Rail Cargo Group”u ilə imzalanmış saziş Qərbdən Şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından olan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə, Azərbaycana, Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələdir.

Ümumiyyətlə, Avrasiya qitəsinin mərkəzində yerləşən Bakı Limanı Avropa İttifaqı, Orta Asiya və Çin arasında təbii körpü rolunu oynayır. Son 10 ildə Avropa İttifaqı ölkələrindən Çinə ixrac üç dəfə artıb və bu da öz növbəsində Çini Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşı edir, eyni zamanda Bakı Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, eləcə də “ÖBB Rail Cargo Group” və “Cabooter Group” kimi Avropanın aparıcı nəqliyyat və logistika şirkətləri üçün də geniş imkanlar yaradır. Avropada bir çox filialı, 8 500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir. Avropada və Asiyadan kənarda, ölkə daxilində geniş logistika şəbəkəsini idarə edir. Yeri gəlmişkən qeyd edək ki, elə bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC də Slovakiyanın aparıcı dəmir yolu və logistika şirkəti olan “Metrans”la saziş imzalayıb. Xatırladaq ki, “Metrans” Hamburq limanını idarə edən Almaniyanın “HHLA” nəqliyyat və logistika şirkətinə məxsusdur. “Metrans” konteynerlə yükdaşımalar və logistika xidməti göstərən beynəlxalq dəmir yolu şirkətidir. Bu şirkət Avropanın ən böyük dəmir yolu və terminal şəbəkəsinə malikdir. Şirkət Avropa qitəsində, əsasən Çexiya, Slovakiya, Macarıstan, Almaniya, Niderland, Avstriya, Belçika, Sloveniya, Polşa və İtaliya ərazisində dəmir yolu ilə yükdaşıma, həmçinin Almaniya, Niderland, İtaliya və Xorvatiya limanlarından konteyner yüklərinin Avropa qitəsinin daxilində nəql olunması xidmətləri göstərir. “Metrans” və “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq isə məhz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə həyata keçiriləcək. Bütün bunlar o deməkdir ki, Avropanın aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlıq Azərbaycandan tranzit keçməklə qitədən Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək. Bu isə tranzitdən Azərbaycanın böyük həcmdə gəlir əldə etməsi deməkdir. İndinin özündə də Avropadan Asiyaya, Asiyadan Avropaya daşınan yüklərin Bakı limanı üzərindən həyata keçirilməsi ildən-ilə sürətlə artır. Amma yeni müqavilərlə bu həcm daha da çoxalacaq.